Azərbaycanlı səyyah Ramil Ziyadov 9000 kilometri arxada qoyub. Bu ilin aprelində velosipedlə səyahətə başlayan səyyahımız artıq Ulan-Udedədir.
Bu barədə R.Ziyadov özü AzNews.az-a məlumat verib: “İrkutskdan Baykaldakı Olhon adasına getdim. Yoluma gəmi ilə davam edərək Buryatiya respublikasının Barquzin rayonuna gəldim. Daha sonra uzunluğu 20 km, hündürlüyü 1800 m olan Pixta aşırımından keçib Ulan Udeyə catdım”.
Getdiyi hər yerdə Azərbaycan haqqında geniş məlumatlar verən səyyah R.Ziyadov Ulan-Udedə yüksək səviyyədə qarşılanmasından danışıb: “Artıq 9000 kilometri arxada qoydum. Azərbaycan haqqında, Xocalı faciəsi, işğal olunan torpaqlarımız və hazırda qarşı-qarşıya olduğumuz erməni problemi barədə hər yerdə məlumat verirəm. Bir çox yerlərdə diasporumuzun yaxşı işlədiyi hiss olunur. Həmin şəhərlərin mediasında mənim səyahətim və məqsədlərim də geniş işıqlandırılır. Burada da Azərbaycan diasporunun fəaliyyəti açıq hiss olunur. Ulan-Udedə məni diasporumuzun rəhbəri Yusif Cəfərov qarşıladı. Elə yerli mətbuatla görüşüm də onların təşəbbüsü və səyi ilə baş tutdu. Ulan-Udedə əsas telekanallardan olan Hariquz TV səyahətimin məqsədləri ilə bağlı geniş reportaj verdi”.
Qeyd edək ki, R.Ziyadovun səyahət marşrutu Yaponiyada bitir. Lakin hələlik Yaponiyaya giriş üçün viza probleminin həll olunmadığını söyləyən R.Ziyadov başladığı işin uğurla tamamlanacağına ümidlidir. O, hətta Yaponiyadan sonrasını da düşünür: “Maddi dəstək olarsa, Yaponiyadan sonra da ABŞ-a getməyi düşünürəm”.