Bakuinfo.az saytı xəbər yayıb. Xəbərə görə, görüş Polşanın Azərbaycandakı səfiri Mixal Labenda tərəfindən təşkil olunub (Onu da qeyd edək ki, Lex Kaçinskinin faciəli vəfatından sonra Polşanın Azərbaycana münasibətində ciddi dəyişiklik müşahidə olunur, bu ölkə Ermənistanla sıx əlaqələr qurmağa başlayıb).
Görüşdə Ə.Əylisli Qərb diplomatlarına vəziyyətinin dözülməz olduğunu, ona qarşı basqıların günü-gündən şiddətləndiyini bildirib. O, deyib ki, öz gücü ilə Rusiya, Gürcüstan və bəzi digər ölkələrdə dəstək aksiyaları təşkil etmək cəhdləri heç bir nəticə verməyib. Əylisli diplomatlara Qərb ölkələrinin və institutlarının dəstəyinə böyük ehtiyacının olduğunu deyib.
Mənbəmiz bildirib ki, görüşdə Ə.Əylisli Azərbaycan və Azərbaycan xalqı haqqında romanında işlətdiyi ifadələrdən daha ağır sözlər deyib. O, iddia edib ki, baş verən hadisə azərbaycanlıların "vəhşiliyini” bir daha sübut edir. Bununla ermənilərin azərbaycanlılarla bir yerdə yaşamağın mümkün olmadığı haqqında fikirləri öz təsdiqini tapır.
Yazıçı guya Naxçıvanda 8 erməni qəbirstanlığının dağıdıldığı, bütün Azərbaycanda erməni izlərinin silindiyi, ölkədə anti-erməni isteriyasının hökm sürdüyü və s. haqqında özünün yalan baqajından bolluca informasiya axıdıb. Əylisli düşdüyü vəziyyətin əsas baiskarı kimi Azərbaycan hakimiyyətini göstərməklə yanaşı, İctimai Palata, bəzi müxalifət partiyalarının sədrləri və funksionerləri, həmçinin Ziyalılar Forumuna minnətdarlığını ifadə edib, lakin onların dəstəyinin qənaətbəxş olmadığını deyib.
Sayt görüşlə bağlı yazıçıdan münasibət öyrənə bilməyib.