Həmin gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı keçirilir. IV qrup üzrə imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 21 binada keçiriləcək. İmtahanların idarə olunması üçün 98 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1018 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 70 - dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib.
2013-cü ildə IV qrup üzrə 11793 abituriyent ərizə təqdim edib. Onlardan 11019 nəfəri Azərbaycan bölməsinin, 774 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7123 nəfərini oğlanlar,4670 nəfərini isə qızlar təşkil edir. 6605 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunlarıdır. 4729 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 53 abituriyent xarici ölkələrin vətəndaşıdır. 53 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 406 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənc isə 1998-ci ildəndir. Bakı şəhərində 5140, Naxçıvanda 1055, Gəncədə 1619, Sumqayıtda 649, Mingəçevirdə 458, Şəkidə 616, Ağcabədidə 485, Göyçayda 431, Şirvanda 354, Lənkəranda 673, Qubada isə 313 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.