“Yenimeydan.info” Trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə günü Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Gəncədə 38 saylı Nizami 2-ci Dairə Seçki Komissiyasının yeni binasının açılışında çıxışı zamanı deyib.
M.Pənahov bildirib ki, seçki komissiyaları üçün bütün şərait yaradıldıqdan, ictimaiyyət maarifləndirildikdən sonra seçkilərdə hansısa xoşagəlməz halların baş verməsinə bizim haqqımız yoxdur: "Bu, bizim vəzifə borcumuzdur, xüsusilə də komissiyaların".
MSK sədri bildirib ki, respublikada dairə seçki komissiyaları üçün yeni binaların tikintisinə 2007-ci ildən başlanılıb və bu günə kimi 125 dairədən 100-ü üçün yeni binalar tikilərək istifadəyə verilib.
M.Pənahov hazırda Dairə Seçki komissiyalarının yüksək standartlara cavab verən texniki baza ilə təchiz edildiyini də söyləyib və ölkədə demokratik seçkilərin keçirilməsi üçün hər bir şəraitin olduğunu bildirib.
38 saylı Nizami 2-ci Dairə Seçki Komissiyasının açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Elmar Vəliyev çıxış edərək bildirib ki, Gəncədə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb, seçki məntəqələri təmir edilərək hazır vəziyyətə gətirilib. Həmçinin, gələn ay 40 saylı Dairə Seçki Komissiyası yeni binada fəaliyyət göstərəcək.
Tədbirin sonunda yeni istifadəyə verilən Dairə Seçki Komissiyasının binasına baxış keçirilib. Yeni binada 13 otaq var. Burada yerli və xarici müşahidəçilər üçün otaqlar, iki konfrans zalı, monitorinq otağı, arxiv, katib və dairə əməkdaşları üçün otaqlar var. Yeni inzibati bina ilə təchiz edilən 38 saylı Nizami 2-ci Dairə Seçki Komissiyyasına 24 məntəqə daxildir və 33 677 seçici məntəqələrdə səs verir. Qeyd edək ki, Gəncədə 4 dairə seçki komissiyası fəaliyyət göstərir.