Azərbaycan Parlament Jurnalistlər Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Alanya Qəzetəçilər Cəmiyyətinin üzvlərini Bakıda görməkdən məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva “bir millət iki dövlət ”olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini və bu əməkdaşlığın daha da genişlənməsinin hər iki ölkənin bölgədə gücünü daha da artıqdığını bildirib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə fikirlərini söyləyən millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva eyni zamanda Alanya Qəzetəçilər Cəmiyyətinin üzvlərinə Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri barədə də fikirlərini bildirib və fikir mübadiləsi aparılıb. Türkiyənin media nümayəndələri Azərbaycana səfər etməkdən məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər.