Dövlət büdcəsinin mədaxili 8400,5 mln. manat proqnoza qarşı 9524,8 mln. manat və ya 13,4 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1390,5 mln. manat və ya 17,1 faiz çox olub. Vergilər Nazirliyi tərəfindən cari ilin 6 ayında mədaxil proqnozuna 107,4 faiz əməl edilib, dövlət büdcəsinə 3316,5 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 227,4 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə 349,0 mln. manat və ya 14,8 faiz çoxdur. Bu ilin 6 ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz əməl edərək büdcəyə 639,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz və yaxud 82,7 mln. manat çoxdur. Sair daxilolmalardan nəzərdə tutulan 15,1 mln. manata qarşı büdcəyə 33,7 mln. manat və ya proqnoza nisbətən 2,2 dəfə çox vəsait daxil olub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 5534,7 mln. manat vəsait transfer edilib.
Bu ilin 6 ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 102,4 faiz və ya 8730,1 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1620,6 mln. manat və ya 22,8 faiz çox icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin 6 ayında dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2330,5 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən eyni dövrü ilə müqayisədə 1,3 faiz və ya 30,8 mln. manat çoxdur.
Funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyətlə bağlı xərclərə (Sahibkarlığa Kömək Milli Fondu, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması, İpoteka Fondu) 1,6 dəfə (62,3 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 32,2 faiz (809,6 mln. manat), müdafiə xərclərinə 21,8 faiz (112,5 mln. manat), nəqliyyat və rabitə xərclərinə 20,3 faiz (5,9 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət əlaqədar xərclərə 12,9 faiz (13,1 mln. manat), səhiyyə xərclərinə 12,6 faiz (28,8 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 8,3 faiz (15,1 mln. manat), təhsil xərclərinə 0,9 faiz (5,4 mln. manat) çox vəsait yönəldilib.
Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 730,0 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2129,0 mln. manat vəsait yönəldilib.
Cari ilin 6 ayında icmal büdcənin gəlirləri 11256,9 mln. manat icra edilib. İcmal büdcənin xərcləri 9818,1 mln. manat icra olunub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 1764,6 mln. manat və ya 21,9 faiz coxdur.