- Gültəkin xanım, mətbuatda çalışdığınız Qafqaz Universitetinin sizə görə problem yaşamaması üçün işinizdən ayrılmalı olduğunuz barədə məlumat var. Yazılanlar doğrudurmu?
- Bəli, belə bir məsələ var, lakin bu hala çox adi yanaşdığımdan, ona əhəmiyyət verməyin tərəfdarı deyiləm. Bu mənim son bir neçə ildə üzləşdiyim təqib və təzyiqlərin bəlkə də ən zəifi və ağrısızıdır. Azərbaycanda təhsilin vəziyyətini hamımız bilirik. Mən gəncliyimizə normal təhsil verən bir-iki universitetin birincisi olan Qafqazı zərbə altında qoya bilməzdim. Ona görə də bu qərarı verdim.
-Bu təzyiqləri necə dəyərləndirirsiniz?
-Cılızlıq və ağılsızlıq kimi. Belə addımlarla nəyə nail olmaq mümkündür ki? Bundan daha ağır təqiblər qarşısında əyilməyən insanları bu addımlarla susdurmaq cəhdinin başqa adı yoxdur. Bu şəxslər anlamalıdırlar ki, söhbət insan ləyaqətindən gedəndə başqa hər şey – vəzifə, pul, imtiyazlar, hətta insan həyatının özü belə, arxa plana keçir, öz dəyərini itirir. Öz əqidəsinin, yolunun düzgünlüyünə əmin olan insanlar bu yolda aldığı zərbələri də ali mükafat kimi qəbul edirlər. 37-ci ilin repressiya maşınını 2013-cü ildə təkrar işə salmaq iddiasına düşən psevdo-Beriyalara isə böyük Remarkın sözləri ilə cavab vermək istərdim: ” Əsl faciə yalnız bir dəfə yaşanır. Faciə ikinci dəfə yaşandıqda, o, artıq komediyaya çevrilir”. Komediyadan isə qorxmurlar, ona gülürlər. Bu insanlar, nəhayət, dərk etməlidirlər ki, XXI əsrin internet gəncliyini 75 yaşın Brejnev təfəkkürü ilə idarə etməyin sonu yoxdur!