Filologiya elmləri doktoru, professor, teletənqidçi Qulu Məhərrəmli “Hürriyyət” qəzetinə açıqlamasında jurnalistlərin mənzillə təminatı ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu məsələyə iki cür yanaşmaq olar. Məsələyə humanist nöqteyi-nəzərdən yanaşsaq, deməliyəm ki, ev alanlar bizim həmkarlarımızdır, neçə ildir ki, mətbuatda çalışan insanlardır. Onların içərisində bu mənzillərə həqiqətən də layiq olan insanlar var. Lakin peşə etikası və jurnalistika prinsipləri baxımdan yanaşsaq dövlətdən ev almaq nə deməkdir? Nəyə görə ibtidai sinif müəlliminə ev vermirik, amma jurnalistə veririk? Jurnalistin cəmiyyətə xidməti çoxdur, yoxsa gözünün qarasını əridərək uşaqlara hərf öyrədən ibtidai sinif müəlliminin? Bu baxımdan xeyli düşündürücü sualların olduğu şübhəsizdir. Məndən olsaydı, mən ilk növbədə ibtidai sinif müəllimlərinə, orta məktəb müəllimlərinə ev verərdim. Mən bu evləri tibb bacılarına, cərrahlara verərdim. Çünki onlar insanlara həqiqətən də xidmət göstərir, cərrahiyə otaqlarında qana batırlar”.
Ekspertin sözlərinə görə, bu gün bəzi gerçəkliklər var ki, istəməsək də onunla barışmağa məcburuq: “Əlbəttə, yaxşı və azad bazar olsaydı, jurnalistlər yaxşı maaş alsaydı, özləri ev ala bilsəydilər yaxşı olardı. Amma nə edək ki, gerçəklik fərqlidir. Ələbaxımlılıq, asılılıq, xidmət etmək bizim jurnalistlərin qanına yeriyib. Və bunun müqabilində də ev almaq. Bu, artıq arzuedilməyən bir həqiqətə çevrilib. Bu, günümüzün bir Azərbaycan gerçəkliyidir, nə etmək olar?”