Bunu SalamNews-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O xatırladıb ki, iyunun 5-də MTRŞ-nın iclasında milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə “Azad Azərbaycan Teleradio Kompaniyası”na, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Kompaniyası”na, “Xəzər TV” MMC-yə və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 min manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması barədə qərar qəbul edilib.
MTRŞ sədri bildirib ki, indi TV kanallarının üçünə -“Space Müstəqil Teleradio Kompaniyası”na, “Xəzər TV” MMC-yə və “Lider TV və Radio Azərbaycan” MMC-yə nəzərdə tutlan vəsait ödənilib. Digər televiziya kanallarına da vəsaitlərin ayrılması üçün zəruri işlər gedir və qısa zaman kəsiyində bu baş tutacaq.
N.Məhərrəmli vurğulayıb ki, artıq yaxın vaxtlarda serialların çəkilişi üçün televiziya kanalları çəkilişlərini edəcəklər. Hər kanallarda 2-3 serialın çəkilişinə başlanacaq. Bu da birdən-birə hardasa 15-ə yaxın serialın çəkilişi deməkdir. Hesab edirəm ki, serialların çəkilişi ciddi bir məsələdir. Təbii ki, əvvəlki illərdən fərqli olaraq, yeni mövsüm üçün çəkiləcək serialların daha keyfiyyətli olmasını arzu edərdim. Yəni əvvəlki seriallarda baş vermiş nöqsanlar düşünürəm ki, aradan qaldırılacaq.
Onun sözlərinə görə, biz serialların hansı mövzularda çəkilməsi işinə qarışmırıq. MTRŞ olaraq hər zaman istəyirik ki, çəkilən seriallar Azərbaycanın milli mənəvi dəyərlərinə uyğun seçilməlidir. Burada əsas istəyimiz hərbi vətənpərvərlik, azərbaycanın tarixindəki görkəmli şəxsiyyətlər, ölkənin müəllimi, həkimi haqqında və digər mövzularda üstünlük verilməlidir.