Luçian Militaru: “Xocalıda törədilənlər beynəlxalq ictimaiyyət tərəfindən insanlıq əleyhinə cinayət kimi tanınmalıdır”
Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat verib. Azərbaycanın Rumıniyadakı səfirliyindən verilən məlumata görə, siyasi bəyanatı sözügedən fraksiyadan deputat Luçian Militaru parlamentin kürsüsündən səsləndirib.
Deputat çıxışında Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunub, hazırda Dağlıq Qarabağ və ətrafındakı 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal altında olduğunu diqqətə çatdırıb. L. Militaru milliyyətçi və etnik ayrı-seçkilik zəminində 25-26 fevral 1992-ci il tarixində Xocalı şəhərində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qırğın törədildiyini qeyd edərək, soyqırımı qurbanları haqda məlumat verib, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulayıb.
O həmçinin, beynəlxalq səviyyədə tanınmış Azərbaycan sərhədlərinin toxunulmazlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliliyinin dəstəklənməsinin zəruriliyi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Sonda deputat regionda sülhün bərqərar olması üçün birinci addım kimi BMT-yə üzv olan bütün demokratik ölkələrin münaqişə ilə bağlı beynəlxalq təşkilatların qərarlarının, o cümlədən işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını Ermənistandan tələb etməli olduqlarını bildirib.