Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlamasında bildirib ki, ev alacaq jurnalistlərin işlədikləri redaksiyalara rəsmi dəvətnamələr göndərilməyə başlayıb.
“Həmin jurnalistlərin adları mənzillərin verildiyi gün açıqlanacaq. Mənzillə bağlı müraciət etmiş jurnalistlərin hər birinə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu rəsmi dəvətnamə göndərməyə başlayıb”.
Mənzil alan jurnalistlərin siyahısı rəsmən elan olunmasa da artıq bir çoxlarının kimliyi mətbuata bəllidir.
KİV DF-nin İcraçı direktoru Vüqar Səfərli də Modern.az-a açıqlamasında bildirib ki, adı ev siyahısına düşən jurnalistlərin siyahısı məhz 22 iyul Mətbuat günü dərc olunacaq.
Jurnalistlərin 2 və ya 3 otaqlı mənzilə sahib olması açılışdan sonra püşkatma yolu ilə müəyyən ediləcək.
Binanın açılışı iyulun 22-də olacaq. Ölkə başçısının açılış mərasiminə qatılacağı gözlənilir. Ə. Amaşovun sözlərinə görə, iyulun 22-də səhər saat 08:00-da jurnalistlər Mətbuat Evinin qarşısından hər il olduğu kimi Fəxri Xiyabana yola düşəcək. Burada Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət etdikdən sonra binanın açılış mərasiminə qatılacaqlar. Həmin gün axşam isə paytaxtın “Min bir gecə” restoranında bayram tədbiri olacaq.