Hazırda qiyama qalxan məhkumlarla danışıqlar aparılır və hadisənin böyümədən yatırdılması istənilir.
Bu dəqiqələrdə 12 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məxsus “voronoklar” var. Həmçinin, həbsxananın qarşısına xeyli sayda əli avtomatlı əsgərlər də cəlb edilib.
Həbsxanadakı qiyamın böyüməsi ehtimalını nəzərə alaraq müəssisəyə yeni dəstək qüvvələri göndərilir.
***
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Qaradağ rayonunda yerləşən 12 saylı Cəzaçəkmə müəssisəsində yaşayan bir qrup şəxsin qiyam qaldırması haqqında yayılan məlumata münasibət bildirib. “Qafqazinfo”ya açıqlamasında M. Sadıqov heç bir qiyam hadisəsi olmadığını qeyd edib: “Söhbət ondan gedir ki, hər 6-cı gün planlı konvoy istintaq təcridxanalarından, bir də müalicə müəssisəsindən müalicə kursu bitirmiş məhkumları Qaradağ zonasında yerləşən cəzaçəkmə müəssisələrinə bölüşdürürlər. Həm istintaq təcridxanalarında saxlanılan məhkumların barələrində çıxarılmış hökmlər qanuni qüvvəyə mindikdən sonra onları istintaq təcridaxanasından Qaradağ zonasına yerləşən cəzaçəkmə müəsssisələrinə yerləşdirir. Eyni zamanda Penitensiar Xidmətin Müalicə müəssisəsində müalicə kursu bitmiş məhkumları ora paylayır. O cümlədən də, əgər bu müəssisələrdə müalicəyə ehtiyacı olan məhkumlar varsa, onları da xüsusi naryad əsasında müalicə müəssisəsinə aparırlar”.