Əvvəlcə dövlət başçısı “Qurtuluş” parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdüb.
Prezident su kəmərinin çəkilişi münasibətilə şabranlıları təbrik edib. Rayon sakini Ağaşirin Bağırov Şabranın, bütövlükdə Azərbaycanın tərəqqisi naminə göstərdiyi xidmətlərə görə İlham Əliyevə minnətdarlığını çatdırıblar.
Sonra Azərbaycan Prezidenti videoçarx və stendlər vasitəsilə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində Şabranda həyata keçirilən tədbirlərlə tanış olub.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına məlumat verdi ki, Şabran rayon mərkəzinin 29 min 659 nəfərlik əhalisini içməli su ilə təmin etmək üçün layihəyə əsasən su mənbəyi kimi ikinci Bakı su kəməri nəzərdə tutulmuşdur. Bu məqsədlə 134 min 800 metrlik su xəttinin və 122 min 700 metr kanalizasiya xəttinin çəkilməsi, 100 kubmetrlik sutəmizləyici qurğunun nasos stansiyası ilə birlikdə tikintisi, 2 min kubmetrlik su anbarının nasos stansiyası ilə birlikdə inşası, 700 kubmetrlik və 1000 kubmetr həcmində su anbarlarının, həmçinin çirkab su nasos stansiyası və gücü 29 min əhali ekvivalenti olan çirkab sutəmizləyici qurğunun inşası planlaşdırılır. Layihə üzrə tikinti işlərinin müqavilə qiyməti 29 milyon manat, inşaat işləri zamanı yarana biləcək əlavə işlər nəzərə alınmaqla tikintinin qiyməti 37 milyon 50 min manat təşkil edir.
Bildirildi ki, 2010-cu ilin dekabrında Fransanın “SADE” və ölkəmizin “RAMKO” şirkətləri ilə bağlanan müqavilə əsasında Şabran rayon mərkəzinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanmışdır. İndiyədək 145 min 879 metr su ,129 min 356 poqonometr kanalizasiya xətti çəkilmiş, 5 min 766 ev kanalizasiya xəttinə birləşdirilib.