bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.
Nazir deyib ki, qlobal iqtisadi tənəzzülün səngimədiyi bir şəraitdə cari ilin 6 ayında Azərbaycan iqtisadiyyatı bir daha makroiqtisadi dayanıqlıq və yüksək artım potensialını nümayiş etdirmişdir. İqtisadiyyatımızın qeyri-neft sektoru ötən dövr ərzində 10,9 faiz səviyyəsində artmışdır: "Bu artım bütövlükdə ölkə iqtisadiyyatı üzrə 5 faizlik artımı təmin edib.
Son 3 ildə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı olaraq yüksələn xətlə artması və 10 faizlik səviyyəni üstələməsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələnməsinə, neft faktorundan asılılığın azaldılmasına, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilməlidir".
Şərifov bildirib ki, makroiqtisadi dayanıqlığın digər göstəricilərindən biri olan inflyasiya ötən 6 ay ərzində 2012-ci ilin müvafiq dövrü ilə nisbətdə cəmi 2 faiz təşkil etmişdir: "Nəzərə alınmalıdır ki, 2012-ci ildə və cari ilin ötən 6 ayında dövlətin maliyyə vəsaiti hesabına nəhəng investisiya proqramlarının həyata keçirilməsi büdcə xərclərinin əhəmiyyətli dərəcədə artımına səbəb olmuşdur. 2012-ci ildə büdcə xərcləri 2011-ci illə müqayisədə 13,1 faiz, 2013-cü ildə isə 31,6 faiz artıb.
Eyni zamanda, ölkə Prezidentinin müvafiq Fərmanına əsasən keçmiş SSRİ Əmanət Bankının ölkəmizin vətəndaşları olan əmanətçilərinə 2012-ci il 1 iyun tarixindən başlayaraq 597 milyon manat məbləğində vəsait cari ilin 30 iyununadək olduqca qısa müddət ərzində ödənilib.
Bütün bunlar, heç şübhəsiz, inflyasiyanın artımına rəvac verən amillərdəndir. Lakin düşünülmüş fiskal və pul-kredit siyasəti tədbirləri inflyasiya təzyiqlərinin neytrallaşdırılmasını və onun sabit aşağı səviyyədə saxlanılmasını təmin etmişdir".
Nazir qeyd edib ki, hesabat dövründə əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz təşkil etmiş və inflyasiyanı ənənəvi olaraq xeyli üstələmişdir: "Ölkə üzrə orta aylıq əmək haqqı 6,8 faiz yüksələrək 408,8 manat təşkil etmişdir. Ölkə üzrə xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması və 6 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması yuxarıda qeyd olunan iqtisadi inkişaf modelinin maliyyə dayaqlarını özündə ehtiva edir.
Cənab Prezident, Sizin hökumətin qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq 2013-cü ilin 6 ayında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunmuşdur".
Şərifov çıxışında qeyd edib ki, 2013-cü ilin birinci yarımilliyində Azərbaycan Respublikasının icmal büdcəsinin gəlirləri 11 milyard 257 milyon manat, xərcləri isə 9 milyard 818 manat və yaxud 2012-ci ilin eyni dövrünə nisbətən 1 milyard 765 milyon manat (21,9 faiz) çox icra olunmuşdur: "Cari ilin 6 ayında dövlət büdcəsinin mədaxili 9 milyard 525 milyon manat və ya proqnoza nisbətdə 113,4 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz (1 milyard 391 milyon manat) çox olmuşdur. Dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 102,4 faiz və ya 8 milyard 730 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 620 milyon manat və ya 22,8 faiz çox icra edilmişdir. Sosial yönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edib.
Altı ay ərzində dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2 milyard 331 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olub.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin icmal və dövlət büdcələrindən üst-üstə 283 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 milyon manat, dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 158 milyon manat vəsait ayrılıbr.
Möhtərəm Prezident, xüsusi diqqətiniz sayəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi potensialımızın artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Tapşırığınıza əsasən dövlət büdcəsindən müdafiə xərclərinə ayrılan vəsaitlərin həcmi ilbəil əhəmiyyətli dərəcədə artırılmaqla, büdcə xərclərinin tərkibində böyük xüsusi çəkiyə malik olmuşdur".
Onun sözlərinə görə, cari ilin iyun ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 10 faiz artırılması barədəki müvafiq Sərəncamınızın icrası təmin edilir: "Hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün möhtərəm Prezidentimizin imzaladığı müvafiq Fərmanın icrası olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 187 hərbi qulluqçu dövlət büdcəsinin vəsaiti hesabına Bakı, Naxçıvan və Xırdalan şəhərlərində 2012-ci ildə və 2013-cü ilin 6 ayı ərzində mənzillərlə təmin edilmişdir. Bu iş davam etdirilir.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Bakı şəhərinin Azadlıq meydanında keçirilən hərbi parad zamanı son illər alınmış ən müasir texnika ilə yanaşı, Azərbaycanda istehsal olunan texnikanın da nümayiş etdirilməsi ordu quruculuğu istiqamətində atılan addımların ardıcıllığı, ciddiliyi və həcmini ortaya qoymuşdur".
Nazir qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" imzaladığı Fərman sosial-mənəvi əhəmiyyətinə görə tarixi fərman olmaqla, dövlət başçısının siyasi iradəsini birmənalı şəkildə əks etdirərək, ölkə əhalisinin uzun illərdən bəri gözlədiyi ciddi problemin həllinə yol açdı: "Fərmanın icrası nəticəsində cari ilin iyul ayının 1-dək 1 milyon 619 min 938 əmanət hesabının sahibləri və ya onların vərəsələri, əvvəldə qeyd etdiyim kimi, 597 milyon manat məbləğində vəsait almışlar. Həmin ödənişlərin 555 milyon manatı və ya 93 faizi 2012-ci ilin 7 ayında, 42 milyon manatı isə 2013-cü ilin 6 ayında təmin edilib.
Tam əminliklə demək olar ki, postsovet məkanında bu prosesin ən işlək və səmərəli variantı məhz Azərbaycanda həyata keçirilib. Belə ki, hər 1000 rubl əmanət qalığına görə Azərbaycanda 190 ABŞ dolları ödənildiyi halda, bu göstərici digər postsovet məkanına daxil olan dövlətlərdə qat-qat aşağı - minimum 7, maksimum 150 ABŞ dolları səviyyəsində olub.
2013-cü ilin ilk 6 ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 3 milyard 449 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 935 milyon manat və ya 37,2 faiz çoxdur. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 730 milyon manat vəsait istifadə olunmuşdur".
Şərifov bildirib ki, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 2 milyard 129 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 858 milyon manat, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə 93 milyon manat, Bakı Metropoliteninə 326 milyon manat, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş qazlaşdırma tədbirlərinə 80 milyon manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidən qurulması üçün 430 milyon manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün 187 milyon manat vəsait yönəldilib. Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün "Azərenerji" Şirkətinə 100 milyon manat vəsait ayrılıb:
"Prezidentimizin daim xüsusi nəzarətində və diqqətində olan energetika sektoruna dövlət qayğısının təzahürü olaraq, son 10 il ərzində elektrik enerjisi hasilatının yüksəldilməsi, enerji müstəqilliyimizin və əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə bu sahəyə daxili və xarici mənbələr hesabına 3,1 milyard manat məbləğində investisiya qoyulmuşdur. Yaxın günlərdə 780 MVt gücə malik "Cənub" elektrik stansiyasının istismara verilməsi Azərbaycan elektrogenerasiyası tarixində böyük bir hadisə olub”.
Nazir bildirib ki, altı ayda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 225 milyon manat vəsait sərf edilmişdir. Bu 2012-ci ilin eyni dövrü ilə müqayisədə 107,0 milyon manat və ya 1,9 dəfə çoxdur: "Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 400 milyon manat məbləğində vəsait istifadə edilib.
Cari ilin altı ayında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 139 milyon manat, ölkəmizin rayon və şəhərlərin yerli xərclərinə 424 milyon manat dotasiya ödənilib.
2013-cü ilin 6 ayında dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həlli vacib hesab edilən sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi, bir sıra sosial məsələlərin həlli üçün 200 milyon manat vəsaitin ayrılmasına dair ölkə Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanıb".
Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən qəsəbə və kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulmasına xüsusi diqqətin göstəricisi kimi qeyd etmək olar ki, son illər ərzində dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan 451 milyon manat vəsait hesabına əhalisinin sayı 1,1 milyon nəfər təşkil edən 51 rayon və 7 şəhər üzrə 685 yaşayış məntəqəsini birləşdirən 757 kilometr kənd və qəsəbələrarası avtomobil yolları tikilərək istifadəyə verilmiş, 713 kilometr yolda isə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir:
"Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi davam etdirilməklə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası üçün 37 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi, kənd təsərrüfatı texnikasının, aqrokimyəvi maddələrin alınması və digər lizinq xidmətlərinin göstərilməsi məqsədi ilə "Aqrolizinq" Acıq Səhmdar Cəmiyyətinə 60 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 25 milyon manat vəsait ayrılıb".
Nazirin bildirdiyinə görə, sahibkarlığa dəstək üçün cari ilin 6 ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2066 sahibkara 180 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 130 milyon manatını (keçən ilin müvafiq dövrü ilə müqayisədə 81,0 milyon manat - 2,7 dəfə çox) cari ilin dövlət büdcəsindən ayrılmış vəsait təşkil etmişdir:
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlanılmışdır. Ölkədəki makroiqtisadi mühitə uyğun olaraq iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə və şaxələnməsinə, onun səmərəliliyinin, dayanıqlığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektoru və digər real mənbələrdən formalaşacaq vergi və rüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına diqqət yetiriləcək.
Növbəti ildə xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları, ölkəmizdə keçiriləcək möhtəşəm idman yarışları, beynəlxalq və digər dövlət tədbirləri üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Bu günlər həm də müstəqil Azərbaycan dövləti üçün ulu öndər Heydər Əliyev siyasətinin 20 illik dövrünün qeyd olunması ilə əlamətdardır. 20 il bundan öncə Azərbaycan xalqının təkidi və tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyəti, uzaqgörən və müdrik siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik yarandı, dərin sosial-iqtisadi islahatlara start verildi. Olduqca mürəkkəb geosiyasi şəraitə baxmayaraq, müvəffəqiyyətlə həyata keçirdiyi neft strategiyası Azərbaycan xalqının uzunmüddətli firavan gələcəyinin təməlini qoydu. Bu möhkəm zəmin əsasında son 10 ilə yaxın bir müddət ərzində ulu öndər Heydər Əliyev siyasi kursunu böyük əzm və məharətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həyata keçirir. Bu, tarix baxımından o qədər də uzun olmayan dövr ərzində müstəqil Azərbaycan dövləti bir çox zirvələri fəth etmiş, o cümlədən dünyanın ən mötəbər qurumuna - BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, kosmosa peyk çıxaran məhdud saylı dövlətlər klubuna daxil olmuş, ölkə iqtisadiyyatının sürətli inkişafına və real ifadədə 3 dəfədən çox artımına nail olmuş, bazar iqtisadiyyatına keçidi başa çatdırmış, xaricdən investisiya alan ölkədən xaricə investisiya yatıran ölkəyə, regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya çevrilmişdir.
Bu dövr eyni zamanda Azərbaycan xalqının maddi rifah və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsi, ölkənin bütün şəhər və kəndlərinin simasının dəyişməsi və müasirləşməsi ilə də səciyyələnib.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2012-ci ildə təsdiq edilən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əldə edilən nailiyyətlərə söykənərək qarşıdakı 10 il ərzində ölkəmizin sosial, iqtisadi, mədəni, humanitar və dövlət quruculuğu sahələrində keyfiyyətcə yeni hədəflərə nail olmaq üçün vəzifələri müəyyənləşdirmişdir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu məsuliyyətli vəzifələrin öhdəsindən gəlinməsini Heydər Əliyev kursunun Prezident İlham Əliyev tərəfindən qarşıdakı illərdə də davam etdirilməsində görür.