Mirvari Qəhrəmanlı: “Əksər vaxtlar bu cür təkliflər işçinin müqavilə vaxtının sona çatdığı dövrə təsadüf edir” “Xanım işçiləri cinsi təhrikə vadar edən ARDNŞ işçilərinin dədələrini hələ qabaqda yandıracam. Bizə əslində 7 nəfər qadın telefon və ərizə ilə müraciət ediblər. Əvvəlki illərdə bu cür hallar daha çox xarici şirkətlərdə özünü göstərirdisə, hazırda yerli şirkətlərimizdə də artmağa başlayıb.” Bu sözləri FaktXeber.com-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı dövlət Neft Şirkətinin idarə və müəssisələrində qadınlara qarşı cinsi təhriklə bağlı edilən sonuncu şikayətlərlə əlaqədar görülən işlər barədə məlumat verərkən söyləyib. ARDNŞ-də daima cinsi təhriklərlə bağlı problemlərin mövcud olduğunu bildirən hüquq müdafiəçisi, “şirkət rəhbərlərinin özləri də bunu çox gözəl bilirlər. ARDNŞ bir yandan zəng edib problemi həll etmək üçün bizi tərəfdaşlığa çağırır, digər tərəfdən isə təhdid edirlər”, – deyə bildirdi: “Müraciət edən xanımlardan birinin işlədiyi idarənin ən yüksək vəzifəli rəhbərlərindən biri ilə danışıqlar apardıqdan sonra problem yoluna qoyuldu. Digər bir xanım isə iki uşağı olan ailəli bir qadın idi. Bizə müraciət edəndən sonra xanım hüquqşünaslarımız onunla müəyyən söhbətlər apardılar. Eyni halda həmin xanıma Qadın Krizis Mərkəzinin psixoloqları tərəfindən yardımlar edildi. Ona görə ki, baş verən olaydan sonra kifayət qədər psixoloji travma almışdı.“ ARDNŞ-dən gələn təhdidlərlə bağlı da açıqlama verən Mirvari xanım bildirdi ki, yaxşı olardı şirkət öz nüfuzunu qorumaq üçün problemi həll etməyə çalışsın: “Bizi təhdid etməklə heç nə əldə edə bilməyəcəklər. ARDNŞ-də işə götürənlər əməkdaşlarını müəyyən edərkən əxlaq kodesklərinə cavab verən şəxsləri vəzifəyə təyin etsələr daha məqsədə uyğun olar. Hazırda məndə xanımların cinsi təhriki ilə bağlı 5 ərizə var. Bununla bağlı ARDNŞ-in nümayəndəsi dünən bizim ofisimizdə oldu və 2 xanımın şikayətlərini dinlədi. Sözü gedən olay tam və əsaslı dəlillərlə sübuta yetirildi. Xanımların ad və familiyaları qeydiyyata götürülərək araşdırma aparılacağı bildirildi. Əgər şikayətçi xanımlar işdən çıxarılarsa, mən həmin xanımlarla birgə geniş mətbuat konfransı keçirməklə yanaşı problemi beynəlxalq səviyyədə ictimailəşdirəcəm.” Cinsi təhriklərə könüllü formada cavab verənlərin də olduğunu bildirən Mirvari xanım, “ bu günə qədər bir dəfə olub ki, işçilərin şikayəti ilə könüllü şəkildə cinsi təhriklərə cavab verən xanım işdən azad edilib. Bizə müraciət edənlərə isə cinsi münasibət təklif olunub ki, onun müqabilində işdən çıxarılma, ixtisar kimi problemlə üzləşməyəcəkləri bildirilir. Əksər vaxtlar bu cür təkliflər işçinin müqavilə vaxtının sona çatdığı dövrə təsadüf edir“, – deyə qeyd etdi: “Problemlərin gizli qalmasının səbəbi xanımların ailə üzvlərindən, ailəsinin dağılmasından qorxması ilə bağlıdır. Bu cür problemlərlə üzləşən xanımlara hüquq mühafizə orqanlarına müraciət etmələri tövsiyyə olunur. Bir müddət bundan öncə Zərdab rayonunda yaşayan bir xanım Rayon İcra Hakimiyyətindən şikayət etmişdi. Hazırda həmin qadın həbs edilərək Kürdəxanıda saxlanılır. Ona görə həmişə belə olaylarda anonimliyin saxlanılması zəruridir.” Sonda Mirvari xanım bildirdi ki, günahları sübuta yetirilən ARDNŞ işçiləri bağlı şirkət səviyyəsində ciddi tədbirlər görülmür: “Vaxtı ilə Azneft İstehsalat Birliyinin tərkibinə daxil olan idarələrdən birinin müdirinin cinsi təcavüzü sübuta yetirilmişdi. Lakin sonradan həmin müdir başqa bir idarəyə müdir göndərildi.“