Partiyanın Mətbuat Xidmətindən daxil olan məlumata görə, öncə tədbir iştirakçıları Şah İsmayıl Xətainin heykəli önünə gül dəstəsi qoyaraq onu yad ediblər.
Beynəlxalq Mətbuat Mərkəzində baş tutan Dəyirmi Masanın işində Milli Məclisin deputatı Fəzail Ağamalı, görkəmli tarixçi alimlər, Ana Vətən Partiyasının fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fəzail Ağamalı Azərbaycan xalqının tarixində, Azərbaycan dövlətçilik tarixində böyük iz qoyan Şah İsmayıl Xətai və onun yaratmış olduğu dövlət haqqında ümumi məlumat verib.
Çıxış edən tarix elmləri doktoru, professor Şahin Fərzəliyev və tarix elmləri doktoru, professor Tofiq Mustafazadə Şah İsmayıl Xətainin həyatından, hakimiyyətə gəlişindən, sərkərdəliyindən, dövlətçilik uğrunda apardığı mübarizədən, yaratmış olduğu Səfəvi dövlətindən, həm də şairlik fəaliyyətindən geniş bəhs ediblər. Daha sonra tarixçi alimlər AVP-nin gənc fəallarının suallarını ətraflı cavablandırıblar.
Tədbirin sonunda ana vətənçilər adından partiyanın sədri F.Ağamalıya Şah İsmayıl Xətainin portreti hədiyyə olunub.