Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, o, səfər çərçivəsində Oklahoma ştatını təmsil edən respublikaçı konqresmen Cim Braydenstaynla görüşüb. Görüşdə ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafı, enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Konqresmen Braydenstayn ABŞ-ın bizim regionda iştirakının vacibliyini vurğulayıb, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində aparıcı rol oynadığını deyib. Cənub Dəhlizi barədə verilmiş qərarın enerji sahəsində ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə ümidini ifadə edib.
A. Mollazadə həmçinin ABŞ Konqresinin üzvü Şeyla Cekson Linin Azərbaycan nümayəndə həyətinin şərəfinə Vaşinqtonda verdiyi ziyafətdə də iştirak edib. Ziyafət zamanı ABŞ-Azərbaycan münasibətləri, regionun enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol, beynəlxalq terrorizmə qarşı birgə mübarizə məsələləri müzakirə olunub. Ş. C. Li Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki vacib roluna toxunub. Konqres üzvü Cənub Dəhlizi layihəsinin reallaşması ilə Azərbaycanın bu istiqamətdə rolunun daha da artacağını qeyd edib, ABŞ-ın bu sahədə ölkəmizə və digər iştirakçı ölkələrə dəstək olacağına əmin olduğunu bildirib.
DİP sədri ABŞ-da Helsinki Komissiyası tərəfindən Azərbaycanla bağlı təşkil olunmuş brifinqdə də iştirak edib. Komissiya katibliyinin əməkdaşları Şeli Han və Pol Karterin moderatorluq etdiyi brifinqdə Azərbaycanda demokratik dövlət quruculuğu, azad cəmiyyətin təşviqi və insan hüquqlarının qorunması sahəsində görülən işlər, oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkiləri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və digər məsələlər müzakirə olunub.
Toplantıda ABŞ Dövlət Departamentini təmsil edən dövlət katibi yardımçısının müavini Tomas Melia ABŞ-ın Azərbaycanı bir dost ölkə kimi gördüyünü və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdiyini söyləyib. O, Azərbaycan hökuməti ilə demokratiya və insan hüquqları üzrə davamlı dialoqun aparıldığını və cari ilin oktyabrında baş tutacaq prezident seçkilərinin azad və demokrat şəkildə təşkil ediləcəyinə ümidvar olduqlarını bildirib.
Brifinqdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.