Belə ki, Mikayıl Cabbarov yeni təhsil naziri təyin olunduqdan sonra ölkənin dövlət və özəl təhsil ocaqları ilə bağlı ciddi araşdırmalara başlanılıb. Təhsil Nazirliyindəki mənbədən modern.az-a verilən məlumata görə, Azərbaycanın bütün bölgələrdəki ali təhsil ocaqlarının və kolleclərin fəaliyyəti ciddi nəzarətə alınıb və artıq bəzi müəssisələrdə yoxlamalar da aparılır. Hətta bir sıra ali təhsil ocaqlarında aparılan yoxlamalar nəticəsində onların bağlanılması məsələsinin gündəmə gəldiyi bildirilir. Mənbənin verdiyi məlumata görə, bağlanılması gözlənilən ali təhsil ocaqları əsasən bölgələrdə yerləşən institutlar və ya universitetlərin filialları ola bilər.
Azərbaycan Müəllimlər İnstitutunun bir sıra bölgələrdəki filiallarının, Lənkəranda, Gəncədə, o cümlədən şimal bölgəsində olan bir sıra təhsil ocaqlarının bağlanması ehtimal olunur.
Təhsil Nazirliyindəki mənbə həmin təhsil ocaqlarının hansı səbəbdən bağlanması məsələsinin aktuallaşdığına da aydınlıq gətirib. Belə ki, aparılan araşdırmalardan sonra həmin ali təhsil müəssisələrinin təyinatının başa düşülmədiyi, onların nə iş gördükləri və kadrları necə yetişdirdiklərinin bəlli olmadığı qeyd edilib.
Təhsil eksperti Şahlar Əsgərov da Təhsil Nazirliyinin bu qərarını alqışlayır. O bildirib ki, əgər ali təhsil müəssisələrinin və kolleclərin təyinatı başa düşülmürsə, onların nə iş gördükləri və kadrları necə yetişdirdikləri bəlli olmursa, həmin müəssisələr hökmən bağlanmalıdır.
“Ya onların qarşısına aydın məqsəd qoyulmalıdır, ya da məqsədsiz yaradılıbsa, ölçü götürülməlidir. Bağlanmaq çox ağır ölçüdür. Bəzilərinə özlərinə düzəltmək üçün vaxt verilməlidir. Əgər yoxlamalar göstərirsə ki, dövlətimiz, millətimiz üçün bu təhsil ocağı h.eç nə vəd eləmir və təhsil müəssisəsi adı altında başqa işlər görülür, əlbəttə o institut, kollec bağlanılmalıdır. Və mən bu qərarı alqışlayıram”