TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bütün xəbərdarlıqlara, çağırışlara baxmayaraq yenə də şəxsiyyət vəsiqəsini unudan və ya imtahan binasına mobil telefonla keçdiyi üçün xaric olunan bir neçə abituriyent komissiyaya müraciət edib.
Lakin onların heç biri imtahana buraxılmayıb.
TQDK növbəti imtahanlarda iştirak edəcək abituriyentlərə müraciət edib: “Sənədlərinizlə diqqətli olun. Sizdən cəmi 2 sənəd gətirmək tələb olunur - şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi. Qaydalara zidd hərəkətlərə yol verməyin. İmtahana gətirilməsi qadağan olunan vasitələri, o cümlədən mobil telefon gətirməyin”.
Qeyd edək ki, III ixtisas qrupu üzrə qəbul imtahanı respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçirilib. III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus
bölməsinin məzunudur. Abituriyentlərin 7633 nəfərini oğlanlar, 21306 nəfərini qızlar təşkil edir. 15622 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 10715 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.