Yeni meydan,info Axar.az-a istinadən xəbər verir ki, İran Mülki Aviasiya İdarəsinin nümayəndəsi Mirəkbər Rzavi İran istehsalı olan hissələrin və avadanlığın Rusiyaya ixracının təmin edilməsi, o cümlədən Rusiya təyyarələrinə texniki xidmət göstərmək üçün Moskva ilə əməkdaşlıq sazişinin imzalanacağını bildirib.
Zəruri olaraq qeyd etmək yerinə düşər ki, İran onillərdir Qərbin sanksiyaları altındadır və təyyarə parkı tamamilə köhnəlib. Təsadüfi deyil ki, dünyada ən çox təyyarə qəzaları da İranda yaşanır. İranlı pilotların məharəti isə əfsanəyə çevrilib - onlar ön şassisi qırılıb düşən, mühərriki sıradan çıxan təyyarələri endirməyi bacaran nadir istedad sahibləridir. Çünki buna məcbur olublar: illərdir köhnə təyyarələrdə uçmaq və dəfələrlə qəza enişi etmək iranlı pilotların təcrübəsini kifayət qədər artırıb. İranlı pilotların qəza enişlərindəki məharətləri sosial şəbəkələrdə də geniş paylaşılır.
Barak Obama zamanında İranla nüvə anlaşması imzalanarkən sanksiyaların götürüldüyü elan edilən ilk andaca İranın birinci işi mülki təyyarələr sifariş vermək oldu. İran özü də rəsmi açıqlama verdi ki, təyyarə parkı təmiredilməz vəziyyətdədir və dərhal yenilənməlidir.
Ancaq nüvə anlaşması pozuldu və İranın aviaparkını yeniləmək istəyi ürəyində qaldı.
Sanksiyalar başlayan ilk vaxtdaca Rusiyanın aviaparkında da ciddi narahatlıq yaşanmışdı. Məlum olmuşdu ki, bir çox ehtiyat hissələrinin gəlməyəcəyi halda Rusiyanın mülki aviasiyasındakı təyyarələrin yarısı uça bilməyəcək.
İndi Rusiya həmin ehtiyat hissələrini İrandan idxal etməyə qərar verib və güman edir ki, İran onillərdir Qərb təyyarələrini uçurda bilmək bacarığını ruslara da öyrədəcək. Ancaq məsələ budur ki, İranda pilotlar qəza enişlərini öyrənənə qədər xeyli qurban verməli olublar və indi də dünyada hava nəqliyyatına ən çox qurban verən ölkələr sırasındadır.
Belə çıxır ki, indi də Rusiya üçün eyni dönəm başlayır.