Son günlər Rusiya və ABŞ-dan Bakıya növbəti emissar axını başlayıb. Bir-biri ilə faktiki “qanlı-bıçaq” olan bu iki güc mərkəzinin rəsmi elçilərinin Azərbaycana səfərlərinin bölgədə nə dərəcədə böyük sülhə töhfə verəcəyi yəqin ki, tezliklə üzə çıxacaq. Bizim üçün prinsipial olan isə əlbəttə ki, belə ziyarətlərin Bakının irəli sürdüyü 5 məlum prinsip əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına verəcəyi konkret dəstəklə bağlıdır.
Bu xüsusda müstəqil siyasi təhlilçilərin proqnoz və gözləntiləri birmənalı deyil. Belə fikir də var ki, Qərb və Rusiya arasında Ukraynaya görə getdikcə daha da kəskinləşən, yaxın və orta perspektivdə aradan qalxması mümkün görünməyən “soyuq savaş” Güney Qafqaza da neqativ planda yansıya bilər. Ayrı sözlə, iki güc mərkəzinin sülh diplomatiyası sahəsində rəqabətinin sonuc etibarilə elə sülhə zərbə vura biləcəyi istisna olunmur.
*****
Engin Özer
Türkiyəli atanınmış analitik Engin Özerə görə, bir qayda olaraq, ölkələr arasında ziddiyyətlərin həllində və ya dialoqun axtarılmasında beynəlxalq vasitəçi kimi yalnız neytral ölkələr çıxış edir: “Amma Rusiya Ermənistanın da üzv olduğu KTMT blokunun faktiki rəhbəridir, ona görə də onu qətiyyən neytral ölkə və vasitəçi adlandırmaq olmaz. Ümumiyyətlə, belə bir vasitəçi Azərbaycanın nəyinə gərəkdir?”
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Minval.az-a açıqlamasında deyib.
Ekspertin fikrincə, əgər indi Ermənistan Azərbaycanla real münasibətlər qurmaq istəyirsə, o zaman Bakı ilə birbaşa diplomatik əlaqələr qurmağın vaxtı çatıb və vasitəçilərə ehtiyac yoxdur. “Əksinə, hazırkı mərhələdə bu səylər iki tərəf arasında fəsadlara yol aça, diskomfort yarada bilər”, - deyə o vurğulayıb.
Bu yaxınlarda Rusiya tərəfindən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin olunmuş İqor Xovayevin şəxsinə gəlincə, türkiyəli təhlilçi hesab edir ki, bu, Moskvanın Bakı ilə İrəvan arasında danışıqlar prosesinə nəzarət etmək, hətta onun tənzimləmək üçün sadəcə yeni mexanizmdir: “Yəni, əgər Bakı ilə İrəvan arasında aparılan danışıqlarda nəsə yolunda getməzsə və Rusiyanın maraqlarına cavab verməzsə, irəliləyişlər tormozlana bilsin, yaxud Kremlin xeyrinə düzəldilsin. Bundan ötrü də sırf məntiqlə dəyərləndirsək, belə bir xüsusi nümayəndə mexanizmi lazımdır”.
Politoloqun qənəatincə, hazırda belə bir format (Bak-İrəvan ikili formatı - red.) yaradılıbsa və fəaliyyət göstərirsə, nə Avropa Birliyi, nə də Rusiya Bakı ilə İrəvan arasında dialoqa müdaxilə etməməlidir. “Bu, etimad mühitini pozur. Xovayev isə Bakı ilə İrəvan arasında münasibətləri yəqin ki, dolaşığa salacaq, nəinki normallaşdıracaq”, - deyə Engin Özer fikrini tamamlayıb.
*****
Türkiyəli analitikin fikrini aşağıdakı fakt gücləndirir. Belə ki, ötən həftə Nikol Paşinyanın Moskva səfərinin və Putinlə görüşünün yekunu olaraq qəbul edilən birgə bəyanatın 24-cü bəndində deyilir: “... Biz Rusiyanın sülhməramlı kontingentinin bölgədə təhlükəsizliyin təmin edilməsində, Dağlıq Qarabağ əhalisinin yaşayışı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasında həlledici töhfəsini qeyd elədik. Təxirəsalınmaz humanitar vəzifələrin tezliklə həllinin, Dağlıq Qarabağ nizamlanmasının siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini vurğuladıq. Bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyini qeyd elədik”.
Diqqət edin, Azərbaycanın suveren ərazisi olan Qarabağla bağlı iki başqa, yad ölkənin rəhbərləri hansısa birgə fəaliyyətdən danışır. “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ nizamlanması” kimi Azərbaycan Konstitusiyasına və beynəlxalq hüquqa zidd ifadələr işlədir, üstəlik, bundan sonra da mövcud olmayan “Minsk Qrupunun potensialı və təcrübəsindən istifadənin zəruriliyi”ni vurğulayırlar.
Ermənistanın ölkəmizə qarşı ərazi iddiası mərəzi aydındır. Bəs neytral vasitəçi olmaq istəyən Rusiya? Nədən Moskva ərazi bütövlüyümüzə belə sayğısızlıq edir? Hansı “Dağlıq Qarabağ”, hansı “Dağlıq Qarabağ nizamlanması”, hansı Minsk Qrupu? Hər şey qırağa, 22 fevralda İlham Əliyevlə Putinin imzaladığı Moskva bəyannaməsi harada qaldı bəs? Bu yanaşma iləmi Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verəcək?..
*****
Lakin proseslərlə bağlı fərqli düşünən təhlilçilər də var. Məsələn, politoloq Cümşüd Nuriyev Rusiyanın öz xüsusi nümayəndəsi vasitəsilə Bakı ilə İrəvan arasında sülh prosesinə töhfə vermək istəyində səmimi olduğunu düşünür.
Cümşüd Nuriyev
Bunu o, Teleqraf.com-a müsahibəsində söyləyib.
“Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayevi Bakıda qəbul edib. Xovayev əvvəl ATƏT-in Minsk Qrupunda Rusiyanın həmsədri idi. Sonra Moskva onun təyinatını dəyişdi. Ardınca ABŞ da belə bir addım atdı. ABŞ bu prosesdəki nümayəndəsi Endryu Şafferdir. Amerikalı nümayəndə də artıq Bakıda səfərdədir, ayın 29-dək burada olacaq. Düzü, Rusiyanın bu yöndə atdığı addımları alqışlamaq lazımdır. Açığı, Rusiyadan bunu gözləmirdim. Amma görünür, Ukrayna ilə apardığı müharibə Rusiyanı mövqeyini yumşaltmağa məcbur edib. Çünki eyni anda bütün dövlətlərlə vuruşmaq Rusiya üçün sərfəli deyil”, - Nuriyev qeyd edib.
Nuriyev fikrini belə əsaslandırıb: “Bundan başqa, Rusiya gördü ki, belə davam etsə, bütün Qafqazda siyasi nüfuzunu itirəcək. Yəni Ermənistan da əlindən çıxacaq. Rusiya həmçinin onu da anlayır ki, belə davam etsə, Azərbaycan Qarabağda qalan erməni terrorçuları özü çıxarmağa məcbur olacaq. Bundan sonra da Rusiya bütün Qafqazı itirəcək. Həm tarixi zərurət, həm Azərbaycanın yürütdüyü xarici siyasət və İlham Əliyevlə Vladimir Putin arasındakı dostluq münasibətləri bu məsələlərdə Rusiyanın mövqeyini xeyli yumşaldır. Daha doğrusu, onu Azərbaycanın həqiqətlərinə yaxınlaşdırır. Hazırda Rusiyanın tutduğu mövqe bizi qane edir. Eyni zamanda bizim Rusiya ilə heç bir problemimiz yoxdur”
*****
Göründüyü kimi, yanaşmalar və gözləntilər az qala, diametral fərqlidir. Əslində türkiyəli ekspertin də vurğuladığı kimi, ən ideal variant tərəflərin birbaşa, vasitəçilər olmadan anlaşmaya gəlməsidir. Zaman-zaman qeyd elədiyimiz kimi, çünki hər bir vasitəçi prosesdə öz marağını güdür. Xüsusən Cənubi Qafqaza hərbi rıçaqdan savayı heç bir cəlbedici (iqtisadi, texnoloji və s.) sivil təsir imkanı olmayan Rusiya.
Əfsus ki, bu adi gerçəyi Ermənistan rəhbərləri hələ də anlamaq istəmirlər. İrəvan hələ də ağasız yaşaya bilmir və bu səbəbə onu müstəqil dövlət saymaq mümkünsüzdür. Müstəqil mövqeyi və siyasi iradəsi olmayan, müstəqil olmayan, vassal və marionet yarlığı daşıyan bir ölkə ilə real nəticəyə gətirəcək birbaşa dialoq isə qəliz məsələdir.
Lakin kapitulyant ölkə bunu enində-sonunda qəbul eləməli olacaq. Əks halda, müharibə 45-ci günə keçə bilər - erməni tərəfi üçün yeni və qat-qat ağır nəticələri ilə birgə...
Siyasət şöbəsi,
“Yeni Müsavat”