Yol nəqliyyat hadisəsi cari ilin yanvar ayının 22-də baş verib.
Şirvan şəhəri ərazisində yerləşən prospektlərin birində baş verən yol-nəqliyyat hadisəsi zamanı "Hyundai Veracruz" markalı avtomobillə "VAZ 21015" markalı avtomobil toqquşub, nəticədə "VAZ 21015" markalı avtomobilin sürücüsü, Sabirabad rayon sakini E.Məmmədov və nəqliyyat vasitəsində olan iki sərnişin xəsarət alıb. "Hyundai Veracruz" markalı avtomobilin sürücüsü X.Xalıqov isə hadisə zamanı xəsarət almayıb.
Baş verən YNH ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub.
Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2022-ci il tarixli rəyinə əsasən hadisə zamanı "VAZ 21015" markalı avtomobilin sürücüsü E.Məmmədovun “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1- hissəsinin (Hərəkətə başlama, manevr etmə - sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) tələblərini pozduğu müəyyən edilib və rəy araşdırmalara əlavə olunub. Ekspertizanın rəyindən asılı olaraq ŞPŞ-nin İstintaq Bölməsində cinayət işinin başlanması rədd edilib, qərarın surəti hər iki tərəfə təqdim olunub.
Bundan əlavə E.Məmmədovun hadisə zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi və qəza zamanı nəqliyyat vasitəsində olan iki nəfər şəxsin sağlamlıqlarına yüngül zərər vurmaya aid bədən xəsarətləri almalarına səbəb olduğu üçün əməlində Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) və 332.1-ci maddəsinin (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) tərkib əlamətləri olduğundan barəsində inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Şirvan ŞPŞ-nin DYPB-nə göndərilib.
"Hyundai Veracruz" markalı avtomobilin sürücüsü X.Xalıqovun sabiq polis əməkdaşı olması ilə bağlı bildirmək istəyirəm ki, X.Xaliqov Hacıqabul RPŞ-nin DYPB-nin rəisi vəzifəsində çalışıb, 2015-ci ildə daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Nizam Həmidov
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı