Putin ya BMT-nin, ya da aidiyyatı olan ölkələrin seçdiyi ölkədə mühakimə edilə bilər. Amma onda da Putini həmin ölkəyə aparmaq asan olmayacaq.
ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini Ukraynaya davam edən hücuma görə “hərbi cinayətkar” adlandırıb. “The Associated Press” agentliyi kiminsə “hərbi cinayətkar” olmasını müəyyənləşdirmək, hərbi cinayətkarı cəzalandırmaq üçün proseslər olduğunu yazır.
Siyasi bəyanat
Ağ ev indiyədək Putinlə bağlı bu ifadəni işlətmirdi, bundan ötrü təhqiqat, beynəlxalq dəyərləndirmə aparılmalı olduğunu deyirdi. Amma Bayden martın 16-da bu termini işlədəndən sonra Ağ evin sözçüsü Jen Psaki prezidentin “ürəkdən danışdığını” deyərək bir daha rəsmi qərar vermək üçün prosesin gərəkdiyini vurğulayıb.
“Putinin hərbi cinayətkar olduğu aydındır, amma prezident bu halda siyasi danışır”, – onillər boyunca hərbi cinayətlər üzrə işləmiş, BMT-nin Siera Leone üzrə Xüsusi Məhkəməsinin baş prokuroru olmuş Deyvid Kreyn deyib. Bu məhkəmə Liberiyanın keçmiş prezidenti Çarlz Teyloru mühakimə edib.
Artıq Putinin hərəkətləri üzrə təhqiqat başlanıb. BMT-nin İnsan Haqları Şurası təhqiqat komissiyası yaratmaqla bağlı qətnamə qəbul edəndən sonra ABŞ və 44 ölkə mümkün pozuntuları araşdırır. Niderlandda yerləşən Beynəlxalq Cinayət Məhkəməsi də başqa bir təhqiqat aparır.
Silahlı münaqişə qanunu
Hazırda Qlobal Hesabatlılıq Şəbəkəsinə başçılıq edən Kreyn hələ “başlanğıcın başlanğıcında” olduqlarını deyir. Onun qrupu işğal günü hərbi cinayətlərlə bağlı informasiya yığan işçi qrup yaradıb. O həmçinin Putinə qarşı ittihamnamə layihəsi hazırlayır. Kreyn deyir ki, Putinə ittihamnamə bir il ərzində irəli sürülə bilər.
“Hərbi cinayətkar” termini dünya liderlərinin qəbul etdiyi, silahlı münaqişə qanunu kimi tanınan qaydalar toplusunu pozan hər kəsə aiddir. Bu qaydalar ölkələrin müharibə vaxtı davranışını əhatələyir. Son bir əsrdə qaydalar modifikasiya edilib, genişləndirilib.
Qaydaların məqsədi döyüşlərdə iştirak etməyən, yaxud daha döyüşə bilməyənləri qorumaqdır. Buraya həkimlər, tibbi bacıları, yaralı əsgərlər, hərbi əsirlər daxildir. Saziş və protokollarda kimin hansı silahla hədəfə alınması nəzərdə tutulub. Müəyyən silahlar isə qadağandır, məsələn, kimyəvi, bioloji silahlar.
“Hərbi cinayət” nəyə deyilir?
Konvensiyaların “ağır pozuntusu” hərbi cinayətdir, yəni, hərbi zərurət olmadan bilərəkdən öldürmə, əmlakın dağıdılması və mənimsənilməsi buraya daxildir. Digər hərbi cinayətlər dinc sakinlərin qəsdən hədəfə alınması, qeyri-mütənasib gücdən istifadə, insanlardan sipər kimi istifadə, girov götürməkdir.
Beynəlxalq Cinayət Məhkəməsi dinc əhaliyə qarşı geniş yayılmış və sistematik hücumu – qətl, kökünü kəsmək, məcburi köçürülmə, işgəncə, zorlama, cinsi köləliyi mühakimə edir.
Putin isə komandan məsuliyyəti üzrə hüquqi doktrina çərçivəsində hərbi cinayətkar elan oluna bilər. Komandanlar cinayətlərə göstəriş verir, yaxud onlar barədə bilir, amma onları önləmək üçün heç nə etmirlərsə, hüquqi məsuliyyətə cəlb oluna bilərlər.
Dörd yol...
Hərbi cinayətləri təhqiq edərək müəyyənləşdirməyin dörd yolu olsa da, hamısının məhdudiyyətləri mövcuddur. Birinci yol Beynəlxalq Cinayət Məhkəməsidir.
Putinin mühakimə olunması üçün ikinci yol BMT-nin təhqiqat komissiyasının öz işini hibrid beynəlxalq hərbi cinayət tribunalına təhvil verməsidir.
Üçüncü yol Putinin maraqlı, yaxud aidiyyatı olan tərəflər, məsələn, NATO, Avropa İttifaqı, ABŞ tərəfindən mühakimə olunması üçün tribunal, yaxud məhkəmə yaratmaqdır. 2-ci Dünya müharibəsindən sonra nasist liderlərinə qarşı Nürnberq hərbi tribunalları buna misaldır.
Nəhayət üçüncüsü, bəzi ölkələrin hərbi cinayətləri mühakimə edən qanunları var. Məsələn, Almaniya artıq Putinlə bağlı təhqiqat aparır. ABŞ-da belə bir qanun olmasa da, Ədliyyə Departamentinin xüsusi şöbəsi beynəlxalq soyqırımı, işgəncə, uşaq əsgərlər, qadın sünnəti kimi məsələlərə diqqət ayırır.
Bəs, Putin harada mühakimə oluna bilər? Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır və məhkəmənin Haaqadakı qərargahına hər hansı şübhəli göndərmir. ABŞ da bu məhkəmənin yurisdiksiyasını tanımır. Putin ya BMT-nin, ya da aidiyyatı olan ölkələrin seçdiyi ölkədə mühakimə edilə bilər. Amma onda da Putini həmin ölkəyə aparmaq asan olmayacaq.
Kimlər mühakimə olunub
İndiyədək mühakimə olunmuş ölkə başçılarına gəlincə, 2-ci Dünya müharibəsindən sonra Nünberq və Tokioda tribunallar, yaxın dövrdə xüsusi məhkəmələr qurulub. Bosniya, Kamboca, Ruandada törədilən hərbi cinayətlərə görə aparıcı liderlər mühakimə edilib.
Yuqoslaviyanın keçmiş lideri Slobodan Miloşeviç 1990-cı illərin əvvəllərində ölkədə qanlı münaqişələri qızışdırmağa görə Haaqada BMT tribunalına çıxarılıb. Amma məhkəmə hökm çıxarmamış öz kamerasında vəfat edib. Onun Bosniya serbi olan müttəfiqi Radovan Karaciç, Bosniya serblərinin komandiri General Ratko Mladiç mühakimə olunublar, hazırda ömürlük həbs cəzası çəkirlər.
Liberiyanın keçmiş prezidenti Çarlz Teylor qonşu Siera Leonedə vəhşilikləri himayə etdiyi üçün 50 illik həbsə məhkum edilib. Çadın keçmiş diktatoru, ötən il vəfat etmiş Hisen Habr bəşəriyyətə qarşı cinayətlərə görə Afrika məhkəməsində mühakimə olunmuş ilk keçmiş dövlət başçısı olub, ömürlük həbsə məhkum edilib.
Mənbə: Azadlıq radiosu