Rusiyanın Ukraynaya hərbi təcavüzü tam şiddəti ilə davam edir. Hər ötən gün yeni qurbanlar, yeni viran edilən şəhərlər, yeni faciələrlə dünya mediasının gündəmini zəbt edir. Münaqişə artıq yalnız müxtəlif ölkələrin insanlarının diqqətini cəlb etməklə kifayətlənmir, indi başqa-başqa dövlətlərin vətəndaşları Ukraynaya savaşmaq üçün axışırlar.
Əvvəlcə bu tendensiya Ukrayna tərəfindən müşahidə olundu. Qəlbləri rus imperializminə və rus millətçiliyinə nifrətlə aşıb-daşan sadə insanlar bu təcavüzdə hədəf seçilənə yardıma tələsdilər. Çeçenlər, gürcülər, ingilislər, amerikalılar və başqaları kiçik qruplarla Ukraynaya gəldilər və bacardıqları qədər rus işğalçılarını dayandırmağa çalışdılar.
İlk günlər Rusiya tərəfi buna biganə yanaşsa da, sonradan əks-addım atmaq qərarına gəldi. Bu da daha çox Ukraynanı qısa müddətdə işğal planlarının alt-üst olmasından və böyük sayda itkilərdən irəli gəlirdi. Məlumat yayıldı ki, artıq Suriyadan Rusiya tərəfində savaşmaq istəyən könüllülər Ukraynaya üz tutublar. Əlbəttə ki, dünyada az sadəlövh tapılar ki, bu suriyalıların öz xoşu ilə alovun içinə atıldıqlarına inansın.
Səbəb başqadır. Bəşər Əsəd kimi diktator öz kürsüsünü qoruyub saxlamaqda əsasən iki ölkəyə minnətdar olmalıdır – Rusiya və İrana. Bu iki dövlətin birbaşa silahlı müdaxiləsi olmasaydı, kim bilir, bəlkə Bəşər də çoxdan Müəmmar Qəddafinin aqibətini yaşamışdı. Ancaq Tehran və Moskva özlərinə sərf edən şəxsi prezident kürsüsündə saxladılar. Və indi də vəfa borcunu qaytarmaq zamanı yetişdi. Hərçənd, çətin ki, Putin Bəşərdən yardım üçün rica edib. Kremldən gələn göstərişə Əsəd rədd cavabı verə bilərmi? Odur ki, suriyalılar artıq Putin uğrunda ölmək üçün yola çıxıblar - bunu istəməsələr belə.
Hadisələrin belə məcrada cərəyan etməsi bəzilərinə əsas verdi ki, Ukraynanı Suriya ilə müqayisə etsinlər. Onlar iddia edirlər ki, qarşıdakı günlər və həftələrdə Ukraynada eynən Suriya ssenarisi yaşanacaq, ölkə uzunmüddətli savaşa və xaosa yuvarlanacaq. Amma zənnimizcə, bu, qətiyyən belə deyil. Və bu qətiyyətin səbəbini də açıqlamağa çalışacağıq.
Əvvəla onu qeyd etmək lazımdır ki, 2011-ci ilin martında, “Ərəb baharı”nın dalğası Dəməşqə yetişəndə, suriyalılar uzun illərin diktatoru olan Bəşərə qarşı ayağa qalxdılar. Və o zaman heç kimin ağlına da gəlməzdi ki, cəmi bir neçə aydan sonra dünyanın müxtəlif səpgili radikal qüvvələri ölkəyə ayaq açacaqlar. Amma dünyanın fərqli qütblərində yer alan dövlətlər Suriya kartını öz maraqları üçün istifadə etdi və ölkə qan gölünə çevrildi.
Bu savaşda hansı qüvvələr, hansı ideologiyalar yox idi ki? “İslam dövləti”, “Həyat Təhrir əş-Şam”, Azad Suriya Ordusu (ASO), hökumətə sadiq qüvvələr, “Hizbullah”, kürd dəstələri... Bura ABŞ, Türkiyə, İran, Rusiya hərbi qüvvələrini də əlavə etsək, mənzərənin dəhşət dərəcəsini az da olsa, təsəvvür edə bilərik. Bu dəhşətin pik nöqtəsi isə müxtəlif qruplaşmaların tərkibində suriyalıların biri-birilərinə qarşı döyüşmələri idi: Əsəd tərəfdarı ASO-çuya qarşı, şiə vəhhabiyə qarşı, kürd dəstələri “İslam dövləti”nə qarşı...
Ukraynada isə vəziyyət tam başqadır. Əgər Rusiya təcavüzündən əvvəl ölkədə hələ iqtidar-müxalifət bölgüsü var idisə də, işğalın ilk günündən demək olar ki, bu bölgü aradan qalxdı. Bütün ukraynalılar, partiya mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq yumruq kimi ümumi düşmənə qarşı birləşdilər. Hansısa Ukrayna vətəndaşının əks cəbhədə yer alması sadəcə mümkünsüzdür. Və əgər Suriyadakı vətəndaş müharibəsi idisə, ukraynalıların haqq savaşına tam əminliklə Vətən müharibəsi demək mümkündür. Xalq öz dövlətini, suverenliyini, bu gününü və gələcəyini qorumaq üçün ölüm-dirim mübarizəsinə qalxıb.
Digər tərəfdən, bu gün Ukrayna səfində savaşmağa gələnlərin hansısa siyasi məqsədi, maddi marağı yoxdur. Söhbət haqdan, ədalətin bərqərar olmasında gedir. Rusiyanın cəlb etdiyi suriyalılar da, böyük hesabla, qeyd olunan məqsədlərdən uzaqdırlar. Ola bilər, kimlərsə qazanmaq naminə öldürməyə razılıq veriblər. Ancaq artıq qeyr etdiyimiz kimi, böyük ehtimalla, onlar sadəcə Bəşər Əsədin əmrində olan hərbçilərdir.
Daha bir məqam. Suriyada 10 ildən artıq davam edən qanlı savaşdan sonra ölkə hissələrə parçalandı. Hazırda burada dövlət qüvvələrinin, kürd birləşmələrinin, “İslam dövləti”nin, “Həyat Təhrir əş-Şam”ın, ABŞ-ın, müxalifətin, Suriya Müvəqqəti Hökuməti və Türkiyənin birgə nəzarətində olan bölgələr mövcuddur. Və Suriyanın yaxın perspektivdə yenidən vahid dövlət olması da gözlənilmir.
Lakin Ukraynanın belə kiçik ərazilərə parçalanması qeyri-mümkündür. Əvvəl də, indi də xəritədə yalnız iki bölgü var – Rusiya separatizminin Ukrayna dövlətindən qopardığı ərazilər və Ukrayna hakimiyyətinin nəzarətində olan əsas ərazi. Bəlkə də, sabah bu iki bölgünün nisbəti dəyişdi. Ancaq nə Ukrayna, nə ukraynalılar, nə də dünya ictimaiyyəti Rusiyanın orta əsrlərin dəniz quldurlarına xas davranışı ilə barışacaq.
Normal, adekvat düşüncəyə sahib planetin hər bir sakini anlayır ki, gec ya tez, amma işğalçılar gəldikləri kimi də rədd olub gedəcəklər. Azadlığı və suverenliyi yolunda minlərlə qurban verən Ukrayna isə ərazi bütövlüyünü bərpa edəcək, başqa sözlə desək, şər məğlubiyyətə məhkumdur.
Odur ki, Ukrayna heç zaman Suriya olmayacaq. Bu, birmənalıdır!