Yeni Meydan .info xəbər verir ki, Hərbi mənbələrdən “Qafqazinfo”ya verilən özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.
Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.
***
Qeyd edək ki, Məlikməmməd Qurbanov sözügedən faktlarla bağlı araşdırma müddətində vəzifəsindən kənarlaşdırılıb.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.