Azərbaycanda telefon rabitəsi xidmətinin yarıtmazlığı sovet dönəmindən üzü bəri sürməkdədir. O çağlar Bakıdan Sumqayıta zəng etmək üçün sifariş verirdin , elə olurdu, 5-6 saata birləşdirirdilər. Ötən yüzilin 80-90-cı illərində Qubadlı rayonunun Balasoltanlı kəndi ilə danışmaq üçün gecə səhərə kimi gözləməyimiz sonuc vermədi, amma bir neçə gün sonra danışıq haqqı qəbzi gəldi. İnanmayacaqsınız, Bakı Telefon Qovşağı zorakılıqla göstərilməyən xidmətə görə pulu almayınca, telefonu açmadı. Elə olurdu ki, abonentlərə Almaniyadakı , nə bilim, Amerikadakı “qohumları” ilə telefon “danışığına” görə borc kağızları gəlirdi. Mobil operatorlar xidmət sektoruna girənə kimi sürən rabitə özbaşınalığı sonradan başqa formada və “dünya standartlarına uyğun” şəkildə özünü göstərdi və hələ də göstərir. Sadə misal : NK-nın Çağrı mərkəzlərinin fəaliyyətinin təşkili haqqında qaydalarında açıq yazılıb ki, bu mərkəzlərə edilən zənglərin qəbulu və cavablandırılması ödənişsiz həyata keçirilir. Di gəl, baş prokurorluğun 961 nömrəsi vətəndaşlara elə nömrə gəlir ki, gəl görəsən! Zənglərin qəbul edilməməsi bir yana, hələ üstəlik olmayan danışığa görə də haqq tutulur. Bakcell şirkəti hələ də 5 aydır qanunsuz tutduğu vəsaiti geri qaytarmayıb. Bəs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu barədə nə fikirləşir? Özbaşınalığa baxın, nazirlik rəsmi qaydada (yenə qeyri-rəsmi olsaydı, dərd yarı olardı ) bildirib ki, çağrı mərkəzinə zənglər ödənişlidir və Bakcell şirkətinin olmayan danışığa görə dəqiqəsi 12 qəpikdən 3 manata yaxın “susqunluq haqqı” tutması qanunidir. Baş prokurorluq rəsmi qaydada bu susqunluğa görə iki prokurorun intizam məsuliyyətinə baxacağını bildirir, rabitəyə cavabdeh nazirlik isə qanunsuzluğu qanuni sayır. Bakcelldən söz düşmüşkən, bu mobil operatorun xidməti istehlakçı hüquqlarının qorunması haqqında qanunvericiliyə uyğun gəlmir. Təsəvvür edin, abonentin nömrəsini xəbərdarlıq etmədən ləğv edir və balansdakı vəsaiti də mənimsəyir ki, 6 ay müddətində balans artırılmayıb. Belə zorakı xidmət olar? Pandemiya dövründə yataq xəstəsi Qarabağ qazisinin ödəniş etməyi unutmasını yada salmaq olmazdı? Bu da sovet dönəmi deyil ki, sms-bildiriş xidməti mümkünsüz olsun? Bakcell belə ləğvetmə -satma “xidməti” ilə biznes qurub
İnternet provayderlərinin , özəlliklə , Bakinternetin xidməti də zorakılıqdan, monopolist mövqedən yararlanıb istədiyi qiyməti diqtə etməkdən o yana keçmir. Heç demə, köhnə telefon xəttinin fiber-optik xətlərlə əvəz edilməsi internetin qiymətinin ən aşağı 20 manatdan başlamasına hesablanıb. Belə xidmət inhisarçılığı olar? Bəyənmədiyimiz Belarusda hətta meşədə də “free internet” yerli nömrə yiyələrinin xidmətindədir, bizdə isə 120 manata göz dikməyə məcbur edilən qazi- əsgərlərin, əlillərin, tələbələrin 20 manatını fiber-optik rabitə adına xidmətə tuturlar . Olmazmı aztəminatlı şəxslərə güzəşt edilsin? Onu da vurğulayaq ki, əlillərin telefon xidməti ilə pulsuz təminatı “Əlillərin sosial müdafiəsi haqqında” ( 4 ildir “Əlilliyi olan şəxslərin hüquqları haqqında” ) qanunun tələbi olsa da, telefon – kommunikasiya qovşaqları nəinki tələbə əməl edir, əksinə, hətta dövlət sifarişi ilə tikilən “əlil evləri”ni ödəniş almadan kabelləşdirməkdən imtina edirlər. Qaunvericilik maliyyə mənbəyindən asılı olmayaraq əlillər üçün tikilən evlərin dövlət sifarişinə aid olduğunu doğrulasa da, buna da əməl edən yoxdur.
Bəs İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır? Hələ ki, rabitə-nəqliyyat sahəsindəki inhisarçılıqla , istehlakçı hüquqlarının qorunması uğrunda mübarizənin müsbət sonucu görünmür. Bu nazirliyin xidməti də istehlakçı hüquqlarını pozanlara aiddiyatı üzrə müraciət etməkdən o yana keçmir. Dövlət xidmətin yeni rəisinin nəsə edəcəyini gözləmək qalır.
Poçt xidmətindən ayrıca danışmağı fikirləşirik. Qısaca , yazarkən “kuryer poçtu”nun Bakcell nömrələri ilə vaxtımı və başımı apardılar. Bəyəm Azərpoçtun poçt şöbələri fəaliyyətini dayandırıb ki, hansısa qurum kuryer poçtunun bahalı xidmətinə üz tutur? Özü də ünvanla yox, telefon nömrəsi ilə. Birdəfəlik başa düşmək lazımdır ki, “Vətəndaşların müraciətləri haqqında” qanun elektron müraciətə elektron qaydada cavab verilməli olduğunu doğrulayır. Elektron ünvana cavab vermək yerinə, telefonla (xəstə) yatanları rahatsız etmək heç də yaxşı xidmət deyil.
Məğrur Bədəlsoy
Bu xəbər cəmi 1475 dəfə oxunuldu