Yeni Meydan.info xəbər verir ki, bu barədə politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu fikirlərini bölüşüb.
O bildirib ki, Putinin Menhenə getməməsinin səbəbləri sırasında göstərilən vaksin məsələsi bəhanədir:
“Qərb ölkələri koronavirusa qarşı Rusiya vaksinlərini tanımırlar, rusiyalı rəsmilər isə ancaq yerli peyvənd vurdurublar.
Ancaq bu, üzdə olan səbəbdir. Vladimir Putin konfransda qərbli həmkarları qarşısında “Ukraynaya hərbi müdaxildən imtina edəcəksinizmi” sualına müsbət cavab verməyə hazır deyil. Misal üçün bu sualı konfransda iştirak edəcək ABŞ-ın vitse-prezidenti Kamalla Harris Putinə verə bilər”.
Politoloq xatırladıb ki, Münhen konfransında təxminən 100 xarici işlər və müdafiə naziri iştirakını təsdiq edib, Vladimir Putin isə yüksək tribunalardan mesaj verməyi xoşlayan liderdir:
“Təsadüfi deyil ki, Kreml sahibinin 2007-ci ildə həmin Münhen təhlükəsizlik konfransındakı çıxışı üstündən 15 il keçdikdən sonra da analiz edilir. O zaman Qərb liderləri Putinin çıxışını doğru oxuya bilmədilər. Halbuki Putin çıxışında ABŞ hegemonluğunu qəbul etməyəcəyini, Rusiyanın yaxın ətrafa şərtlərini diktə edəcəyini vurğulumışdı. Putin dediyini etdi. Bu çıxışdan bir il sonra Gürcüstana hücum edildi, Abxaziya və Cənubi Osetiya nəzarət altına alındı, 6 il sonra Krım ilhaq olundu, Donbasda separatçı bölgə formalaşdı, 15 il sonra isə beynəlxalq aləm Rusiyanın Ukraynaya mümkün müdaxiləsindən danışır.
Təhlüksəsizlik konfransının təşkilatçıları tədbirdə Rusiya təmsilçilərini görməyəcəkləri halda heç olmazsa Çinin iştirakına çalışırlar. Çinin xarici işlər naziri Van Yi dəvətlilər arasındadır. Pekin Moskvadan fərqli olaraq hələ ki, konfransda iştirakla bağlı mövqeyini bildirməyib. Əgər Pekin Kremlin xarici və təhlükəsizlik siyasətini dəstəkləyirsə, çinli rəsmilərin konfransa iştirakları sual altında qalacaq. Ancaq əgər Pekin konfransa nümayəndə heyəti göndərərsə, Rusiya ilə strateji tərəfdaşlığına rəğmən, müsbət qərar vermək bacarığını nümayiş etdirəcək. Sadəcə, Çin rəsmiləri də bilirlər ki, onlara da konfransda insan haqları və uyğurlarla bağlı mürəkkəb suallar veriləcək. Pekin bu suallara cavab vermək istəmirsə, konfransda təmsil olunmayacaq”.