Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev son müsahibəsində sensasiya sayıla biləcək ifadələr işlədib.
Bakupost.az xəbər verir ki, o, bəzi millət vəkillərinin fırıldaqçılıqla məşğul olduğunu, Gömrük sistemindəki problemləri yalnız öz şəxsi maraqlarını həyata keçirmək üçün tənqid etdiyini bildirib:
“Hansısa şirkət ölkəyə mal daşıyırdı, artıq sabahısı gün logistika şirkətləri mütəşəkkil şəbəkənin köməyilə həmin malı gömrükdən keçmədən, rüsumsuz mal kimi gətirirdi. Təsəvvür edin, məhz həmin şəbəkələrin köməyilə Azərbaycana 100 minə qədər mobil telefon daşınıb!
Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular".
O, hətta bəzi deputatların qaçaqmalçılıqla məşğul olduğunu, vətəndaşların adına saxta sənədlərlə pul qazandığını bildirib: "Həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular".
Yüksək çinli məmurun deputatlar barəsindəki bu ittihamları ciddi rezonans doğurub. Və sosial şəbəkə istifadəçiləri Gömrük şefinin “fırıldaqçı” adlandırdığı deputatların kimliyini araşdırmağa başlayıblar.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz feysbuk hesabında yazıb ki, komitə sədrinin bu cür arxayın və kəskin danışması onun xeyli informasiyalar əldə etməsilə bağlıdır:
“Güman etmək olar ki, bu rəqəmsal resurslar vasitəsilə DGK-nın əlində böyük datalar formalaşıb. Onlar bu dataları təhlil etməklə, müqayisələr aparmaqla, bəyan olunan malları müxtəlif parametrlərlə araşdıraraq malların konkret bir fiziki şəxsə, yoxsa, minlərlə fiziki şəxsi birləşdirən bir şəbəkəyə məxsus olmasını müəyyən edə biliblər. DGK sədrinin bu cür "limit şəbəkəsi" üzvlərinin sayı ilə bağlı konkret rəqəmlər deməsi onu göstərir ki, görünür, gömrüyün İT komandası yaxşı işləyiblər. Düşünürəm ki, DGK sədrinin əlində ciddi datalar olmasa, bu cür açıq-aşkar ittihamlar irəli sürməzdi. Ümumiyyətə, müşahidələrimiz göstərir ki, son zamanlar bir çox dövlət qurumları həm qərarlar qəbul etmək üçün, həm də bəziləri kommersiya məqsədilə özlərində formalaşan datalardan effektiv istifadə edirlər”.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə Səfər Mehdiyev hansı deputatları nəzərdə tutduğunu yazıb. Onun fikrincə, komitə sədrinin “dələduz” dediyi deputatlardan biri Elnur Allahverdiyevdir:
“Söhbət "Kontakt Home" mağazalar şəbəkəsinin sahibi, deputat Elnur Allahverdiyevdən getmirmi?
Ötən ilin avqustunda məlum qərara görə Gömrük Komitəsini parlamentdə yıxıb-sürüyənlərdən biri Elnur Allahverdiyev olub. O həmin çıxışında deyirdi:
“Gömrüklə bağlı qəbul edilən dəyişiklik çox ciddi yanlışlıqdır. Əgər indiyədək bu qaydalara əsasən ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb. Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq”.
C.Həsənli hesab edir ki, Səfər Mehdiyevin tənqid etdiyi deputatlardan biri də Tahir Mirkişilidir:
“Ölkəyə kompüter idxalı və satışı ilə məşğul olan şirkətlərdən birinin ("Ultra") sahibinin də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilidir. Düzdür, Tahir Mirkişili rüsumsuz idxal limitinin endirilməsi ilə bağlı publik narazılıq ifadə etməyib. Amma haradan bilək ki, Səfər Mehdiyev Tahir Mirkişilini də nəzərdə tutmayıb”.