“El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum”.
“Yenimeydan.info” Publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
O, dördüncü dalğanın uzun müddət davam etməsinin səbəblərini belə izah edib: “Mənim proqnozumla dördüncü dalğa bu günlərdə bitməli idi . Deltanın dalğası nisbətən uzun çəkir, çünki sürətlidir, yanından keçən adama da yoluxa bilir. Ailədəkilər də tez yoluxur. Amma nə qədər sürətli olsa da, hər dalğanın müəyyən müddəti var, o müddəti keçə bilməz.
Tezliklə bitəcək. Qorunma tədbirlərini hamı bilir. Bir az ciddi yanaşsanız, tezliklə yoluxma sayında kəskin enmənin şahidi olacağıq”.