Bu gün Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının növbədənkənar VIII konfransı keçirildi. Modern.az saytının xəbərinə görə, iclasda çıxış edəni YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Binəqədi təşkilatının yeni seçilən sədri Ramiz Göyüşovu təbrik edib.
O, YAP-ın yaranma tarixindən, Heydər Əliyevin fəaliyyətindən, prezident İlham Əliyevin gördüyü işlərdən danışıb.
S.Novruzov çıxışı zamanı Binəqədi rayonu İcra Hakimiyyətinin işini nümunə göstərərək, bəzi icra başçılarının “bostanına daş atıb”.
“Bu gün Binəqədidə ölkə başçısının və rayon rəhbərliyinin tapşırıq və tövsiyələri əsasında çox böyük abadlıq-quruculuq işləri görülür. Biz qısa müddət ərzində rayonun simasının nə qədər dəyişdiyinin şahidi oluruq. Hər bir rayona cənab prezident tərəfindən eyni yanaşma var. Sadəcə olaraq rayon rəhbərləri tərəfindən yanaşmalar müxtəlifdir”-deyə S.Novruzov vurğulayıb.
S.Novruzov YAP-çılara üz tutaraq bildirib ki, qarşıdan prezident seçkiləri gəlir, ona görə də partiya üzvləri fəal olmalıdırlar.
”Seçki qərargahlarının işi düzgün qurulmalı, rayonun ağsaqqal, sözü keçən, nüfuzlu sakinlərinin, partiya üzvlərinin gücündən səmərəli istifadə edilməlidir”.
YAP-çı deputat yaxın zamanlarda maaşların artacağından da bəhs edib:
”Avqust ayında müəllimlərin, həkimlərin və dövlət qulluqçularının əmək haqları qaldırılacaq. Artıq bununla bağlı sənədə dövlət başçısı tərəfindən baxılıb və qəbul olunub. Dövlət büdcəsində lazım olan vəsait nəzərdən keçirilib”.