"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Meqaplus” firması ilə 639 082.1 manatlıq satınalma müqaviləsi bağlayıb.
Pravda.az xəbər verir ki, müqavilədə müxtəlif dekorativ bitki və həmişə yaşıl qrupuna aid olan ağacların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Meqaplus” firması 24 aprel 2000-ci il tarixdə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 6/21, mənzil 14 ünvanında yerləşir. Firmanın qanuni təmsilçisi Seyidov Abuzər Bəkir oğludur.
Açıq mənbələrdə “Meqaplus” firması və onun qanuni təmsilçisi barədə hər hansı bilgi yoxdur.
Araşdırmalarımız zamanı isə bəlli olur ki, “Azərişıq” ASC vaxtaşırı bu şirkətə müraciət edir.
Bundan əvvəl qurumla sözügedən şirkət arasında 4 283 703.85 manatlıq müqavilə imzalanıb. Müqavilədə “ASAN xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif mal-materialların satın alınması nəzərdə tutulub.
Bu ilin fevralın ayında isə “Meqaplus” firması “Azərişıq”ASC-nin daha bir tenderinin qalibi olub. MP106 və MP306 tipli Paudraad SMART kart tipli sayğacların kart oxuyucularının satın alınmasını nəzərdə tutan müqavilənin maliyyə dəyəri 84 960 AZN-dir.
“Azərişıq” ASC ötən il də “Meqaplus” firması ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 1 999 462.80 AZN olan müqavilədə elektron sayğac və smart abonent kartlarının satın alınması nəzərdə tutulub.
Maraqlıdır ki, “Azərişıq”a smart kartlar, dekorativ ağaclar satan “Meqaplus” firması tikinti sahəsində də fəaliyyət göstərir. Şirkət ötən ildən Neftçala rayonunda Olimpiya İdman Kompleksi inşasını həyata keçirir. Tikinti hələ başa çatmayıb. Bundan başqa, “Meqaplus” Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfat Birliyinin sifarişi ilə Sumqayıtda söküntü və abadlıq işləri görüb.
Şirkətin hazırda 5.49 AZN vergi borcu var.