Tolerantlıq bütün ziddiyyətlərə,fikir ayrılıqlarına baxmayaraq, dinləmək bacarığıdır. Bu ideya XVI-XVII əsrlərdə Avropada baş verən dinlə əlaqəli münaqişələrin nəticəsində aktuallaşmağa başlayıb. Bunun ortaya çıxmasındakı məqsəd dini etiqadla bağlı olub. 1648-ci ildə bağlanan Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul edilir. Lakin həmin müqavilədən sonra baş vern 30 illik müharibə ərəfəsində nümayiş olunan dözümsüzlük tolerantlığın formalaşmadığını göstərdi. Tolerantlıq Qərb dünyasında yumşaq ifadə ilə qeyd etsək, dini təəssübkeşliyin özbaşınalıq həddində olan ölkələrdə əsrlər boyunca tədricən formalaşaraq ortaya çıxıb. Qərbdə tolerantlıq Leonard Binderin ifadə etdiyi kimi bir qrup xristianın başqa qruplara mənsub olan digər xristianları qəbul etmələri nəticəsində meydana gəlmişdir. (Leonard Binder, “Liberal İslam”, (tərc. Yusuf Kaplan), Rey yay., Kayseri 1996, səh. 4).
1995-ci il noyabrın 16-da keçirilmiş UNESCO Baş Konfransının 28-ci sessiyasında, 50-ci ildönümü münasibətilə Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olunmuşdur və beynəlxalq dözümlülük günü elan edimişdir. Bununla Beynəlxalq Tolerantlıq günü hər il noyabr ayının 16-da qeyd edilir. Məşhur Çin yazıçısı Fang Long bir dəfə məşhur Britanika Ensiklopediyasında tolerantlığın tərifindən belə sitat gətirmişdir : “Tolerantlıq başqalarının sərbəst davranmasına və mühakimə etməsinə imkan vermək deməkdir; öz fikirlərinə və qəbul edilmiş fikirlərinə zidd olan şeylərə səbrlə və qərəzsiz dözməkdir”.
Tolerantlılıq insanların dinc yanaşı yaşamalarını təmin edir. Bu, hər kəsin həyatını istədiyi kimi yaşaya biləcəyi ədalətli bir cəmiyyət üçün əsasdır.
Bu insanların dinc şəkildə yaşamasına kömək edən vacib bir anlayışdır. Tolerant olmaq, başqalarının fikirlərini və düşüncələrini hörmətlə qəbul etməyiniz deməkdir, hətta onlar sizin razı olmadığınız bir şəkildə yaşasalar da. Bu, həmçinin haqlı olduğunuzdan əmin olsanız da, fikirlərinizi başqalarının fikirlərindən heç də üstün tutmamağınız deməkdir. Həmçinin təhqir, hücum kimi davranışlar dözümlülüyün çərçivələrindən kənardır. Tolerantlıq onun kimi düşünməyənlərin mövcudluğunu qəbul etməkdir. Həddindən artıq tolerantlıq fərdlərdə dəyərsizləşməyə, məsuliyyətsizliyə səbəb ola bilər. Tolerantlıq qarşılıqlıdır.
İslamda tolerantlıq
İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. İslamın birinci əsas mənbəyi olan Quranda Uca Allah belə buyurur: “Sizin dininiz sizə, mənim dinim mənə aiddir” (“Kafirun” surəsi, 6). Bu ayədən də insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür. Hətta başqa bir ayədə qarşı tərəfin “tanrı” olaraq qəbul etdiyi, tanrılaşdırdıqlarına qarşı necə davranılmalı olduğu əmr edilir: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər...” (“Ənam” surəsi, 108).Ayədən də aydın olur ki, insanlar müxtəlif inamda, əqidədə, düşüncədə, dünyagörüşündə ola bilərlər.
İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...” (“Hucurat” surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir.
Tolerantlıq güclü qarşısında dözümlülük nümayiş etdirmək deyil. Tolerantlıq özündən zəifə, yaxud bərabərə olana eyni cür münasibəti bəsləməyi bacarmaqdır. İslamın gəldiyi ilkin dövrlərdə müsəlmanlar tolerantlıq göstərdikləri kimi, güclü olduqları dövrlərdə bu prinsipdən heç vaxt kənarlaşmayıblar. İslam hələ “əhli-kitab” sayılan dinlər bir tərəfə qalsın, hətta Allaha şərik qoşan müşriklərlə, bütpərəstlərlə münasibətlər haqqında necə tövsiyə edilir: “Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır...” (“Tövbə” surəsi, 6).
İnsanlar eyni cür yaradılmayıb. İnsanlar eyni yaradılmadığı üçün tolerantlıq qaçılmaz dəyər olaraq qarşımıza çıxır. Hətta eyni hüceyrədən doğulan əkizlər arasında da fərqlər özünü açıq-aşkar büruzə verir. İslam müsəlmanların müxtəlif dinlərin mənsublarına, hətta inanmayanlara qarşı necə tolerant olmalı olduqlarını insanların müxtəlif yaradılış prinsipi ilə izah edir. İslama görə müxtəliflik dünya imtahanının bir zərurətidir. Əgər müxtəliflik olmasaydı, tolerantlıqdan danışmağa da ehtiyac qalmazdı.
Quran “Dində məcburiyyət (zorakılıq) yoxdur” (“Bəqərə” surəsi, 256) ayəsi ilə inanmaq azadlığının prinsipini formalaşdırıb. Bu kimi ayələr tolerantlığı anlamaq üçün ən gözəl sözlərdir.
Allahın Rəsulu Hz.Məhəmmədin başqa dindən olan və yaxud ərazisində yaşayan başqa etnik və dinə məxsus olan insanlarla rəftarı tolerantlıq üçün ən böyük bələdçilərdəndir. Rəsulullahın (s.a.s.) həyatı tolerantlıq nümunələri ilə zəngindir. Xəstə yatan bir yəhudi gənc Peyğəmbərimizi (s.a.s.) yanına çağırmış, O (s.a.s.) da, xəstə yəhudi gəncin ziyarətinə getmiş, kəsdiyi qurban ətindən yəhudi qonşusuna pay vermiş, xristian əsilli təbibin Mədinədə müəyyən müddət qalaraq xəstələri müalicə etməsini rica etmişdir.
İslamda zorakılıq yoxdur. Lakin müsəlmanların əksəriyyəti öz dinlərinə yaxından bələd olmadığna görə İslamı layiqli bir şəkildə təmsil edə bilmirlər.
Dünyanın müxtəlif bölgələrində tolerantlıq
Həmçinin tolerantlıq başqa insanların və ya qrupların irqinə, cinsinə, fikirlərinə, dininə və ideologiyalarına hörmət göstərmək və başqalarının yaxşı keyfiyyətlərinə və yaxşı işlərinə dəyər vermək deməkdir və başqalarının düşüncələrinə hörmət edərkən öz fikirlərini layiqli və hörmətli bir şəkildə ifadə etməkdir. İrqçilikdən bəhs etmişkən bəzi Qərb ölkələrindən xüsusən Amerikadan danışmasaq olmaz. Hamımıza məlumdur ki, tarixdən bəri qaradərili inasanlara münasibət çox ədalətsizdir. Xüsusən özünü ədalətin və tolerantlığın məskəni kimi göstərən Amerikada qaradərili insanlara qarşı rəftar və ayrı-seçkilik günümüzdə də davam etməkdədir. “Associated Press”
agentliyinin 2012-ci il 28 oktyabr tarixində keçirdiyi sorğuya əsasən hazırladığı hesabat bu məsələ ilə bağlı dəhşətli faktları ortaya çıxarmışdır. Hesabata əsasən, ABŞ-da ağdərililərin 51 faizi qaradərililərə nifrətini aşkar bildirib. 2008-ci illə müqayisədə bu göstərici 3 faiz artıb. 2014-cü il avqustun 9-da Ferqüssonda 18 yaşlı qaradərili gənc ABŞ polisi tərəfindən amansızcasına qətlə yetirildi. Təəssüf ki, istər irqi istərsə də dini ayrı seçkiliklə bağlı bu cür nümunələr çoxdur. Əfsuslar olsun ki, Amerikada baş vermiş 2020-ci ilin ən skandal hadisələrindən birinin də səbəbi məhz bu idi. ABŞ-ın Minneapolis şəhərində ağdərili polis əməkdaşı Derek Şovenin 46 yaşlı afroamerikalı vətəndaş Corc Floydu boğub öldürməsi istər ölkə daxilində, istərsə də xarici ölkələrdə kəskin reaksiya doğurmuşdu. Birləşmiş Ştatların onlarla şəhərini genişmiqyaslı etiraz aksiyaları bürümüşdü.Bu etirazlarda həmçinin dünyanın dörd bir yanından insanlar istər sosial şəbəkələrdən, istər fiziki olaraq iştirak etmişdir.
Afroamerikalılara ikinci dərəcəli bir vətəndaş olaraq baxılması tolerantlıq prinsiplərinə ziddir və dünyamızın mühüm problemlərindən biridir.
Fərqli köklərə, mədəniyyətlərə və dinlərə sahib insanların birlikdə yaşadığı, dünyanın çoxmədəniyyətlilik və müxtəlifliklərlə dolu olduğu bu qloballaşmada dövründə tolerantlıq və harmoniya yaratmaq, qarşılıqlı sevgi və hörməti inkişaf etdirmək çox vacibdir.Dözümlülük və harmoniya olmadan dünyamızın davamlı sülhü qorunub saxlanıla bilməz. Tolerantlığın çatışmazlığı döyüşə, şiddətə gətirib çıxarır və nəhayət cəmiyyətin dincliyini və təhlükəsizliyini məhv edir. İnsanlar mübahisələrində isttədikləri nəticəni almadıqda heç də tolerant olmurlar və daha sonra fikirlərini dəstəkləmək üçün güc və təcavüzdən istifadə edirlər.Yaxın tarixdə insanların dözümsüzlüyü üzündən başqa inanclı insanlara, ibadətgahlarına, icmalarına hücum və terror hadisələrini gördük. Dini zəmində xüsusən müsəlmanlara qarşı möcud olan önyarğı və aqressiya tarixdə faciəvi izlər qoymaqdadır. Tarixən dini zəmində baş verən mübahisələrin şahidi olmuşuq. Dini və etnik zəminində ayrı-seçkiliyə məruz qalıb işgəncə görən xalqlardan biri də Çinin uyğur türkləridir. Onlar Çin höküməti tərəfindən insanlığa sığmayan rəftarla qarşı-qarşıyadırlar. Çin hər nə qədər inkişaf etmiş ölkə olsa da sözün əsl mənasında hal-hazırda Çində uyğur türklərinə qarşı açıq terror və qətliamlar törədir. Bunun səbəbi isə uyğur türklərinin etnik və milli kimlikləridir. Ermənilərin azərbaycalılara qarşı törətdikləri vəhşiliklər də bu sıraya daxildir. Lakin bütün dünya bu və bu kimi saysız ədalətsizlikləri görməzdən gəkməkdədir. Terrorizmin dini, irqi, vətəni yoxdur. Bu sübuta ehtiyacı olmayan danılmaz bir gerçəkdir.
Kifayət qədər yetkinliyin və başqalarının qarşı dəyər hissinin olduğu bu dövrdə, hələ də mədəniyyətlərə qarşı tolerantsızlığı müşahidə edirik. Başqa bir nümunə olaraq, müsəlman qadınlarının xüsusi bölgələrdə örtük taxmalarına icazə verilmədiyi Fransadır. Hər kəs özünü tolerantlıqla layiqli və
hörmətli bir şəkildə ifadə etməyə çalışsa nə gözəl olardı. Avropanın özünü ifadə azadlığını necə vurğuladığını və sonra İslam mədəniyyəti ilə əlaqədar atdıqları addımları müşahidə etdiyini bir an düşünsək, bu bizə açıq bir tolerantlıq olmadığını göstərir. "Dünyadakı ən geniş şey okeandır, okeandan daha geniş göy səmadır, göydən daha geniş insan ağlıdır." Hər kəs daha dözümlü olarsa, bəşəriyyət daha çox anlayışa, daha çox həqiqətə və yaxşılığa sahib olacaqdır.
Tolerantlığın aşağı səviyyədə olduğu dövlətlərə misal olaraq Əfaqnıstan, İran, Rusiya, Liviya, Sudan və s. kimi dövlətləri missal gətirə bilərik.
Tolerantlığın yüksək səviyyədə olduğu ölkələrə isə Kanada, Portuqaliya, Finlandiya, Hollandiyan və Skandinaviya ölkələrini və s. misal gətirə bilərik.
Günümüzdə miqrantlara qarşı da dözümsüzlüyün mövcud olduğunu bilirik. Miqrantlara qarşı dözümsüz olan insanlar və dövlətlər olsa da,missal olaraq tolerantlıq alman cəmiyyətinin vacib bir xüsusiyyətidir. Almaniyada insanların əksəriyyəti başqa mədəniyyətlərdən olan insanlara qarşı çox açıq və tolerantdırlar. Almaniyada qaydaları pozmadıqları və qarşılıqlı hörmət olduğu müddətcə fərqli ənənələri və adətləri qəbul edirlər.Almaniyada yeni həyata başlayan insanların alman xalqı ilə əlaqədə olması həqiqətən sevindirici haldır. Bu hər iki tərəfin bir-birini tanımasına və nəticədə bir-birinin həyat tərzini anlamasına kömək edir. Əgər həyatda dözümlü olmağı öyrənsəniz, bir çox şeyi başa düşə bilərsiniz.
Azərbaycanda tolerantlıq
Azərbaycan yüksək tolerantlığın mövcud olduğu dövlətlərdən biridir. Ölkəmizi fərqləndirən cəhət ilk növbədə ondan ibarətdir ki, tarix boyu bu coğrafiyada
yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni və mənəvi baxışlarına hörmət etmişlərdir.
Bu torpaqlarda tarixin heç bir dönəmində dini və ya mili zəmində qarşıdurmalar, azacıq da olsa ziddiyyətlər meydana çıxmayıb. Yəni Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. Azərbaycan tarixin ilkin dönəmlərindən başlayaraq hər zaman başqa xalqlara və dinlərə sayğı ilə yanaşıb.
Bu münasibət müasir zamanda da nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Beləliklə, tarixdən süzülüb gələrək milli və dini tolerantlığın Azərbaycan modeli formalaşıb. Həmçinin toleranlıq və multikulturalizm Azərbyacanın dövlət siyasətinə çevrilmişdir. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası ölkəmizdə yaşayan bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqlarını, vicdan azadlığını təsbit etmişdir.
Bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır və ölkəmizdə bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edir. 16 noyabr Beynəlxalq Tolerantlıq Günü Azərbaycanda da bu əlamətdar tarix olaraq qeyd edilir. Azərbaycan müsəlman və xristian dünyası arasında körpü rolunu oynamaqla tolerantlıq və multikulturalizm siyasəti çərçivəsində öz təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir.Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan, o cümlədən UNESKO, İSESKO və digər qurumlarla da yaxından əməkdaşlıq edir.
Azərbaycanda bütün millətlərin, mehriban və bir-birlərinin adət-ənənələrinə hörmət ruhunda yaşaması həm tarixən, həm də bu gün malik olduğumuz ən böyük mənəvi dəyərlərdən biridir. Bu dəyər həm də ölkəmizin inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtləri sırasında yer alır. Tolerantlıq və multikulturalizm ideyasının iflasa uğramadığını biz misal olaraq Azərbaycanın ən tolerant bölgələrindən biri sayılan Qubanın timsalında açıq görə bilərik. Həmişə dövlətə, dövlətçiliyə sədaqəti, keçdiyi qədim və şərəfli yolu ilə
Azərbaycan tarixinə iz salan rayonumuzda tolerantlığın qədim ənənələri mövcüddur. Quba əsrlər boyu müxtəlif xalqların və dinlərin birgə, qardaşcasına yaşadığı mədəniyyət və təfəkkür mərkəzi kimi tanınır.
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da müxtəlif xalqların öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumalarına, yaşatmalarına və inkişaf etdirmələrinə yüksək diqqət və qayğı göstərilir. Qubada 3 dinə məxsus olan 20-dən artıq müxtəlif millətlərin və xalqların nümayəndələri, həmçinin etnik qruplar yaşayır. 166 min nəfərdən çox sakini olan rayonumuzun əhalisinin 79,22%-ini azərbaycanlılar, 9,1 %- ni tatlar, 5,87%-ni ləzgilər, 1,77 %-ni dağ yəhudiləri, 1,43%-ni xınalıqlılar, 1,42%-ni türklər, qalan hissəsini isə ruslar, talışlar, tatarlar, qırızlar, ceklilər, buduqlular, haputlular və digər millətlər təşkil edirlər. Maraqlısı isə odur ki, əsrlərdir bu xalqlar mehribancasına yaşayır və öz milli mədəniyyətlərini, dinlərini, dillərini qoruyub saxlayırlar. Biz tolerantlığın toxumlarını nəinki Qubada Respublikamızın istənilən bölgəsinə görə bilərik. Azərbaycandakı tolerantlıq mühiti bundan sonra daha da möhkəmlənəcək və dünya modellərindən biri olacaqdır.
Tolerantlılıq yalnız dinc yanaşı yaşamağı mümkün etmir, başqa bir üstünlüyü digər düşüncə tərzlərinə açıq və anlayışlı olaraq fərdi inkişafa kömək edə bilməsidir. Dünyanın dörd bir yanından fərqli düşüncə və mədəniyyətlər haqqında daha çox bilməyimiz dünaynı daha yaxşı anlamağınıza kömək edəcəkdir.
Uşaqlara tolerantlığı öyrətmək onlara verə biləcəyiniz ən yaxşı hədiyyədir. Uşaqlar heç də nifrət və qəzəb kimi mənfi hislərlə yetişdirilməməlidir. Başqalarına nifrət və qısqanclıqla böyüyən uşaqlar istər öz gələcəkləri, istərsə də cəmiyyət üçün fayda verməzlər. Uşaqlar sevgi və tolerantlığn hökum sürdüyü bir cəmiyyətdə yetişərlərsə, böyüdüklərində xoşbəxt və dinc bir həyat sürə və sürdürə bilərlər.
Tolerantlıq haqqında məqaləmi dünyanın ən məşhur qrupu olan BTS-in qrup lideri Kim Namjoonun UNICEF çıxışından bir sitatla bitirmək istəyirəm:” Kim oluduğun, harada doğulduğun, dəri rəngin, cinsin nə olursa olsun ... sadəcə özündən bəhs et.”
Azərbaycan Respublikasının Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisasının tələbəsi
Şirinzadə Lalə Arif qızı