Ermənistanda səfərdə olan Avropa İttifaqının genişlənmə və Avropa Qonşuluq Siyasəti komissarı Ştefan Füle ölkə prezidenti, baş naziri, xarici işlər nazi ilə eləcə də müxalif partiyaları və ictimai təşkilat nümayəndələri ilə görüşlər keçirib.
Səfərin məqsədi noyabrda Vilnüsdə keçiriləcək “Şərq partnyorluğu” sammitindən qabaq Avropa Birliyi ilə münasibətlər və əməkdaşlıq məsələlərini müzakirə etmək, Ermənistanın Avropa İttifaqı ilə Assosiativ müqavilə bağlaması üzrə prosesin son mərhələsinə qiymət verməkdir.
Vilnüsdə Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə Avropa İttifaqı arasında Assosiasiya haqqında müqavilənin paraflanması nəzərdə tutulur.
Avropa Birliyi rəsmisi Ermənistanla azad ticarət haqqında müqavilə bağlanmasının vacibliyini qeyd edib və bu müqavilə çərçivəsində birliyin Ermənistana maddi yardımla yanaşı beynəlxalq investisiyalar qoyuluşuna yardım göstərməyə hazır olduğunu bildirib.
Ştefan Füle Ermənistanda demokratiya baxımından tərəqqi müşahidə olunduğunu, lakin son seçkilərdən sonra ATƏT tərəfindən göstərilən nöqsanların aradan qaldırılması üzərində işləməyi tövsiyə edib. O, xüsusilə korrupsiyanın aradan qaldırılması, hökumətin təkmilləşdirilməsi və təsisatların möhkəmləndirilməsi istiqamətində fəal işləməyə çağırıb.
Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Ştefan Füle Ermənistanı “Madrid prinsipləri ətrafında razılıq əldə edilməsi üzrə səyləri” dəstəkləməyə çağırıb.
“Siz son müddəti əldən buraxsanız, biz sizi məhkəməyə verərik. Zarafat edirəm. Bu, çox ciddi sənəddir, ona görə mən təkid edərdim ki, sənəd dərc edilsin, hər kəsə nə fayda verəcəyi ictimaiyyətə izah olunsun”, - deyib Avropa rəsmisi.
“Biz Assosiasiya müqaviləsi çərçivəsində islahatlara yeni impuls verən ölkələr üçün növbəti maliyyə dövründə (2014-2020-ci il) daha əhəmiyyətli maliyyə yardımı nəzərdə tutulduğunu bəyan edirik”, - deyə Füle sözügedən ölkələr üçün Avropa bazarlarının açılması səviyyəsinin həmin ölkələr tərəfindən öhdəliklərinin necə yerinə yetirildiyindən asılı olacağını bildirib.
"Rusiyanın Ermənistan üçün qazın qiymətini qaldırması və Azərbaycanı silahla təchiz etməsi Moskvanın Ermənistan üzərinə təzyiq hesab edirmi" sualını cavablandıran Avropa komissarı erməni jurnalistlərin özlərinə təzyiq olub-olmadığına qiymət verməyi təklif edib.
O ki qaldı Avropa İttifaqına, Fülenin sözlərinə görə, Assosiasiya müqaviləsi Ermənistanın öz qonşuları ilə münasibətlər qurmaq imkanlarını məhdudlaşdırmayacaq.
“Biz heç vaxt öz partnyorlarımızı Rusiya tərəfdaşları ilə əməkdaşlığı ləğv etməyə çağırmırıq. Biz özümüz də rus dostlarımızla əməkdaşlıq edirik və münasibətlərimizi inkişaf etdririk”, - deyib Füle.
O, Ermənistanın təhlükəsizlik problemləri ilə bağlı vacib əhəmiyyət verdiyi Rusiya ilə əməkdaşlığı bundan sonra da Avropa Birliyi tərəfindən rəğbətləndiriləcəyini bildirib.