Bir müddət öncə mən Milli Məclisdəki çıxışlarımın birində əlaqədar təşkilatlara, o cümlədən Xarici İşlər Nazirliyinə və ASAN xidmətin rəhbərliyinə müraciət etmişdim. Rusiyada, Türkiyədə və Almaniyada qanunsuz yaşayan həmvətənlərmizin deportasiya olunmaq təhlükəsi və sənəd əldə etmək çətinlikləri barədə məlumat vermişdim. Eyni zamanda xahiş etmişdim ki, ASAN Xidmətin səyyar briqadaları həmin ölkələrə göndərilsin və həmin ölkələrdə qanunsuz yaşayan vətəndaşlarımızın sənədləşdirilməsini təmin etsin.Yenimeydan.info xəbər verir ki, bu sözləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Rusiya DİN-in MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb etməsi barədə danışarkən qeyd edib.Xatırladaq ki, Rusiya DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.“Rusiya Federasiyasına indi də səyyar briqadaların göndərilməsi gec deyil. Bu prosesə başlanılarsa, Rusiya Federasiyası da Azərbaycan vətəndaşlarına bir necə ay güzəştə gedə bilər.Xatırlatmaq istəyirəm ki, 120 min həmvətənimizin Azərbaycana deportasiya olunması onların hüquq və azadlıqlarının pozulmasına, ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə və digər narahatlıqlara səbəb ola bilər. Odur ki, ASAN Xidmət, Rusiyadakı səfirlik və konsulluqlarımız, digər dövlət təşkilatları ilə birlikdə, gözlənilən deportasiyanın qarşısının alınması üçün qabağlayıcı tədbirlər görməlidirlər”.