Yeni meydan.info xəbər verir ki, bunu milli.az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev deyib.
İnfeksionist bildirib ki, hazırki epidemioloji vəziyyət sərt karantin rejiminin tətbiqinə imkan verir:
"Bəzi ölkələrdə peyvəndin iki dozası vurulan şəxslərə artıq müəyyən güzəştlər var. Düşünürəm ki, karantin rejimi sərtləşdirilərsə, SMS-lə çıxışı deyə bilmərəm, amma digər məhdudiyyətlər ola bilər ki, onlara şamil edilməsin.
Vaksinasiyadan sonra həmin şəxslərin COVİD-i daha yüngül keçirəcəklərinə baxmayaraq onlara bu məhdudiyyətlər nisbi şəkildə şamil oluna bilər. Yəni ki, onlar müəyyən imtiyazlardan istifadə etsələr də bildiyimiz sadə qaydalara (tibbi maskadan istifadə, sosial məsafə, əl gigiyenası) riayət etməkdə davam etməlidirlər.
Vaksinasiya aparılır ki, insan ya xəstələnməsin, ya da yüngül şəkildə xəstələnsin. Bizdə də əsas problem odur ki, insanlar xəstələnir, xəstəliyi yayır, eyni zamanda ağırlaşmalar baş verir, bu da ağır xəstə kontingenti yaradır, ölüm sayı da beləcə artır.
Xəstəliyə yoluxanların sayı tibbi tərəfdən iki halda azalır:
1. İnsanların böyük bir qismi xəstəliyi keçirir
2. İnsanların böyük bir qismi peyvənd olunur
Təşkilati tərəfdən isə müəyyən qapanmalar, məhdudiyyətlər tətbiq edilir. O məhdudiyyətlər təmasları azaldır. Bununla da xəstəliyin yayılmasının qarşısı alınır, yoluxanların sayı azalır.
Hazırda sərt karantin rejiminin tətbiq edilməsi istiqamətində müəyyən tədbirlər görülə bilər. Düzdür, bu qərarı Operativ Qərargah qəbul edir. Amma fikirləşirəm ki, müəyyən qapanmalar etmək olar. Məsələn: restoranlar, kafelər ya məhdud iş rejiminə keçməlidir və yaxud da tam şəkildə qapanması müəyyən qədrə bu xəstəliyin qarşısını ala bilər".