Etirazçılar səhər saat 11:00-dan Müdafiə Nazirliyinin binasına giriş-çıxışı bağlayıblar, hökumətin yalanlarından yorulduqlarını və uşaqlarını tələb etdiklərini bildiriblər.
İş o yerə çatıb ki, bir neçə general da daxil olmaqla, bəzi əməkdaşlar hasarın üstündən tullanıb gizlənə biliblər. Lakin sonradan etirazçılar bu kimi cəhdlərin də qarşısını almağa başlayıb.
Qeyd edək ki, çərşənbə günü axşam saatlarında Ermənistanda Bakıdan hərbi əsirlərin gətirilməsi iddiası ilə bağlı xəbər yayılıb. Bu səbəbdən II Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərin ailələri və yaxınları Bakıdan Yerevana yola düşən təyyarəni qarşılamaq üçün “Erebuni” aeroportuna toplaşıblar. Təyyarənin içində isə Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kim olmayıb. Aeroporta toplaşanlar bundan sonra itkin düşmüş hərbçilərin valideynlərinin aksiyasına qoşulmaq üçün Müdafiə Nazirliyinin binasına doğru istiqamət götürüblər.
Gecə bir neçə yüksək vəzifəli polis məmuru binaya giriş-çıxışı açmaq üçün hərbçilərin doğmaları ilə danışıqlar aparıb, lakin bu da fayda verməyib. Etirazçılar ümidsiz olduqlarını və radikal addımlar atmağa hazır olduqlarını bildiriblər. Qaça bilməyən Müdafiə Nazirliyinin əməkdaşları isə bildiriblər ki, artıq hər şeyi yeyiblər və artıq qida ehtiyatları yoxdur.