Xəbər verdiyimiz kimi, Milli Şuranın üzvü Emin Milli səfər xərcləri üçün lazım olan 2 min dolları tapa bilmədiyinə görə ABŞ Konqresində insan haqları ilə bağlı keçiriləcək dinləmələrdə iştirak etməkdən imtina etmişdi.
Bu barədə AzNews.az dünən məlumat yaymışdı. Bildirmişdik ki, ABŞ tərəfi səfər xərclərini özü ödəmədiyi üçün E.Milli 2 min dollarlıq xərci qarşılaya bilməmiş, səfər üçün MŞ rəhbərliyinə də müraciət etməmişdi. Milli Şura rəhbərliyindən də onunla heç kim maraqlanmadığı üçün E.Milli bu səfərdən imtina etmişdi.
Bu gün isə məlum olub ki, Dövlət Departamenti Milli Şuradan bir nümayəndənin dinləmələrdə iştirak etməsində israrlıdır. AzNews.az-ın məlumatına görə, bu barədə özünün “facebook” sosial şəbəkəsindəki hesabında ReAl Hərəkatının Məclis sədri Erkin Qədirli yazıb.
O bildirib ki, dünən gecə ABŞ Dövlət Departamentindən ona məktub yazıblar və Emin Milli Konqresdəki dinləmələrdə iştirakdan imtina etdiyi üçün Milli Şura üzvlərindən başqa bir nəfəri ABŞ-a dəvət ediblər: “Məndən xahiş ediblər, Milli Şura üzvlərinə çatdırım ki, onlardan kimsə (Bakıdan və ya ABŞ-dan) Konqresdəki dinləmələrə qatıla bilərsə, əlaqə saxlasın. Çox az vaxt qalıb”.
E.Qədirli yazıb ki, MŞ üzvləri tez məsləhətləşib, qərarlarını versinlər. Çünki dinləmələrə çox az vaxt qalıb.