Epidemoloji vəziyyətlə bağlı Azərbaycanda məktəblərdə dərslər əyani və distant olacaq. Sosial mediada aparılan müzakirələrdən əksər valideynlərin distant təhsilə qarşı aqressiv yanaşdıqlarını görürük.
Xüsusən azyaşlı övladları olan valideynlər bildirirlər ki, distant formada keyfiyyətli bilik və bacarıqlar əldə etmək çətin olacaq.
Azərbaycanda distantla bağlı ənənələr və hazırlıqlar yetərli olmadığından bu problem daha qabarıq görsənir.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Bizimyol.info-ya bildirib ki, ənənəvi təhsil daha məqsədəuyğundur.
Elçin Əfəndi
Ekspert qeyd edib ki, distant təhsil üçün evdə texniki-texnoloji şərtlər qaydasında olmalı, müəllimin distant tədris üçün hazırlığı yetərli olmalı və təhsil müəssisəsinin də rəqəmsal resursları yetərincə olmalıdır: “Valideynlərin aşağı yaş kateqoriyasında olan övladlarını məktəbə göndərməmə məsələləri ilə bağlı müzakirələr səngimir. Bunu anlayışla qarşılamaq olar. Çünki övladlarının təhlükəsizliyini və sağlamlığını daha çox düşünürlər.
Bəzi valideynlər isə ənənəvi qaydada övladlarının məktəbə getmələrini istəyirlər.
Həftədə iki dəfə övladlarının məktəbə getməsi onları narahat edir. Çünki bəzi ailələrdə valideynlərin hər ikisi işləyir.
Distant təhsil üçün evlərdə müxafiq informasiya texnologiyaları olmalıdır. Valideynlər övladlarının dərs prosesində fəal iştirak etməsini nəzərə almalıdırlar. Belə ki bəzi şagirdlər onlayn tədris prosesi zamanı kameranı söndürdüyü üçün onun nə işlə məşğul olması bilinmir”.
E.Əfəndi deyib ki, internetə çıxışı olmayan bölgələrdən distant təhsilin təşkili sual altındadır: “Biz bilirik ki Azərbaycanın bütün ərazisi üzrə internet təminatı tam deyil. Belə olan halda distant təhsilin mövcudluğu da mümkün deyil. Ona görə də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hər bölgədə internetin əlçatanlığını təmin etməlidir.
Distant təhsilin müsbət tərəflərini dəfələrlə demişik. Amma distant təhsil insan sağlamlığı üçün təhlükəlidir.
4-5 saat şagirdlərin informasiya texnologiyaları vasitəsilə dərsə qoşulması, gələcəkdə onlarda göz xəstəlikləri problemini yaradacaq”.
Ekspert deyib ki, informasiya texnologiyaları ilə təmin olunmamış ailələrdə məktəblilərə dərslərə teledərslər formatında keçiriləcək.
Bu il ölkədə koronavirusa görə elan edilən karantin rejiminə görə, mart ayından ali və orta məktəblərdə tədris dayandırılmış və İnternet üzərindən tədrisə davam edilmişdi.