Avqustun 18-dən ictimai iaşə obyektlərinin açıq havada fəaliyyətinə icazə verilmişdi. Bu gündən isə kafe və restoranlar qapalı şəraitdə də müştərilərə xidmət göstərəcək. Təbii ki, müəyyən qaydalara riayət etmək şərti ilə.
Nazirlər Kabinetinin qərarı ilə müvafiq karantin rejiminə riayət edilməklə ictimai iaşə obyektləri səhər saatlarından gecə 00:00-dək fəaliyyət göstərəcək. Restoranların fəaliyyətini tam bərpa etməsi paytaxt sakinlərinin də ürəyincədir:
- Yaxşı oldu restoranların açılmağı. İnsanlar oturub istirahət edə biləcəklər. Nə qədər evdə oturmaq olar.
- Çox gözəl oldu. İnsanlar istirahət etsinlər. Ancaq çöldəki restoranlar açıq idi. Məncə, ara məsafəsini yenə də qorumaq lazımdır.
- Çox sevinirəm, yaxşı oldu ki, açıldı kafe-restoranlar. Gəlmişik günümüzü xoş keçirək.
Qapalı şəraitdəki restoranların fəaliyyətə başlamasına sevinən yalnız müştərilər deyil.
“Chef Baku” restoranının administaratoru Kahraman Mehmet bütün gigiyenik qaydalara əməl etdiklərini deyir: “Bu gündən qapalı restoranların fəaliyyəti başladı. Biz çox sevinirik. Gigiyena qaydalarına işçi heyətimiz tam riayət edir. Müştərilərimizdən də bu qaydalara əməl etməklərini xahiş edirik”.
Kafe və restoranların qapalı məkanlardan əsas fərqi ondan ibarətdir ki, burada insanlar istər-istəməz maskanı çıxarmalı olurlar. Bu isə yoluxma riskini artırır. Bəs bu təhlükədən necə yayınmaq olar?
Paytaxtda fəaliyyət göstərən “Chef Baku” restoranı vəziyyətdən orijinal çıxış yolu tapıb - restoranın girişində həm müştərilər, həm də personal üçün xüsusi dezinfeksiyaedici tunel quraşdırılıb. Restoranda pandemiya şəraiti nəzərə alınmaqla masalar arasında 2 metr məsafə saxlanılıb, məlumatlandırıcı posterlər yapışdırılıb.
“Pacific Group”un mütəxəssisi Günel Fərəcova deyir ki, dezinfeksiya tuneli insan həyatı üçün heç bir təhlükə törətmir: “Bu gündən etibarən kafe və restoranların fəaliyyəti əvvəlki qaydada bərpa olunur. Hazırda biz paytaxtın mərkəzi küçələrindən birində yerləşən “Chef Baku” restoranındayıq. Burada restorana daxil olan müştərilərin və xidmət personalının sağlamlığının qorunması məqsədilə restoranın girişində “Pacific” şirkətlər qrupunun istehsal etdiyi “PG-DEZOX” dezinfeksiyaedici tuneli quraşdırılıb. Dezinfeksiya tuneli insan həyatı üçün heç bir təhlükə törətmir, tərkibində kimyəvi qatqı yoxdur, mikrob və virusları məhv edir, insanların dezinfeksiyası üçün nəzərdə tutulub”.
Qeyd edək ki, dezinfeksiyaedici tunel dünyada geniş yayılmış, daim mutasiya edərək dəyişən virus, bakteriya kimi mikroorqanizmlərin azaldılmasına kömək edən bir cihazdır. Aparatın üzərində yerləşən həssas qəbuledicilər sayəsində insan tuneldən keçdiyi zaman hərəkət sensoru vasitəsilə sistem avtomatik olaraq işə düşür və nəticədə dezinfeksiyaedici məhlul püskürdücü nozullara ötürülür. Bununla da yüksək təzyiq nəticəsində maye buxar halına keçməklə insanların üzərini islatmadan onları dezinfeksiya edir. Dezinfeksiyaedici tunel insan sağlamlığı üçün heç bir ziyanı olmayan, müxtəlif bakteriyaların məhv edilməsinə qarşı yönəldilmiş, tərkibində heç bir kimyəvi qatqısı olmayan mayedən istifadə etməklə insanların dezinfeksiya olunması üçün nəzərdə tutulub. Bu cihazın üzərində hərəkətə işləmə vəziyyəti və mayenin həcmi barəsində xəbərdarlıq lampası quraşdırılıb.
Dezinfeksiyaedici tunel sifarişçilərin tələb və istəklərinə uyğun olaraq müxtəlif ölçülərdə istehsal oluna bilər. “PC-DEZOX” dezinfeksiyaedici tunelinin bir sıra üstün cəhətləri mövcuddur. Quraşdırılması və istifadəsi çox asandır. Quraşdırıldıqdan sonra başqa əraziyə asanlıqla yerini dəyişmək mümkündür.
Dezinfeksiyaedici tuneldən yalnız pandemiya dövründə deyil, gələcəkdə yarana biləcək başqa yoluxucu xəstəliklərin qarşısının alınmasında, digər virus və bakteriyaların məhv olunmasında da istifadə oluna bilər.