Rəsul Quliyev Bakıya dönüş üçün Azərbaycanın qonşularıyla danışıqlar aparır
Azərbaycan parlamentinin keçmiş spikeri, Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev Milli Şuranın fəaliyyəti, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin perspektivləri, hakimiyyət daxilində vəziyyətə dair “Azadlıq” radiosunun suallarını cavablandırıb:
- Sizcə, seçkiyə qədər Milli Şura təşkilatlanmasını başa çatdırıb seçki kampaniyasını apara biləcəkmi?
- Milli Şurada komissiyaların olub-olmamasının seçkilərin azad və ədalətli keçirilməsində rolu önəmli deyil. Orada əsas iki işi görmək lazımdır: seçki qərargahının yaradılması və mitinq komitəsinin formalaşdırılması. Bu iki iş də iyulun 15-ə qədər gərək başa çatdırılsın. Hazırda da qərargahın və komitənin yaradılması istiqamətində iş gedir.
Həmçinin iyulun 16-dan gec olmayaraq, Milli Şuranın qarşıdakı 3 ay ərzində hər gün görəcəyi işlərin proqramının təsdiqlənib ardıcıllıqla həyata keçirilməsinə başlanmalıdır.
- Siz özünüz bu proseslərdə nə qədər yaxından iştirak edə bilirsiz? Öz rolunuzu nədə görürüsüz?
- Mən Milli Şuranın formalaşdırılması və işinin təşkilində hər gün aktiv iştirak edənlərdən biriyəm. Oradakı proseslərin müəyyən istiqamətlərdə getməsinə müdaxilə edə bilirəm.
Paralel olaraq, fikirləşirəm ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, hökumətin bu qədər arxayınlıqla xalqa yuxarıdan aşağı baxmasının, müxalifəti təhqir etməsinin, “düşmən” adlandırmasının qarşısını almaq üçün mənim Azərbaycana yaxınlaşmaq, Bakıya getmək planımın həyata keçirilməsinə böyük ehtiyac var. Bunun üçün əlimdən gələn bütün işləri görürəm.
- "Azərbaycana yaxınlaşmaq" deyəndə konkret nəyi nəzərdə tutursuz? Gürcüstana gedirsiz, yoxsa...
- Azərbaycana yaxınlaşmaq deyəndə Rusiya, Gürcüstan, ya da Türkiyəyə səfərimi nəzərdə tuturam. Bakıya getməyimə gəlincə, ümid edirəm, Azərbaycanda elə bir vəziyyət yaranacaq ki, 2005-ci ildə olduğu kimi, mən Bakıya gedərkən Azərbaycan ordusunun yarısını paytaxta çıxara bilməyəcəklər.
- Bu planınızı nə vaxt icra edəcəksiz?
- Bu işləri mən 3 ay müddətində görməliyəm. Qonşu ölkələrə getmək məsələn, sentyabrın ortalarına qədər baş tutmalıdırsa, Azərbaycana dönməyimi gərək seçki ərəfəsində, sentyabr-oktyabr aylarında həyata keçirəm. Planım budur.
- Planınızın icrası ilə bağlı konkret addımlarınız nədir? Yəni, Moskva, Tbilisi, ya da Ankara ilə danışıqlara başlamısınız, yoxsa bunlar hələlik yalnız üzərində düşündüyünüz fikirlərdir?
- Bu danışıqlar 2013-cü ilin əvvəlindən gedir, yeni bir şey deyil. Mən bəzi şərtlərə əməl olunmasına çalışıram. Yəni, səfərim gizli olmamalıdır, məsələn, orada müsahibələr vermək, televiziyalarda çıxış etmək imkanım olmalıdır və s. Belə şeylərdən söhbət gedir.
- Yəni, hazırda həmin ölkələrə getməyiniz üçün şərt qoyublar ki, “gəl, amma sakit otur”, eləmi?
- Bu şəkildə yox, müəyyən məhdudiyyət qoymaq şərtləri ola bilər.
- Hazırda iqtidarın Mehriban Əliyevanın namizədliyi üzərində düşünməsi barədə məlumatlar dolaşır. Belə təhlillər səslənir ki, hakim komandada tərəddüdlər, təlaş var, ona görəÿ Mehriban Əliyevanın da namizədliyi ehtiyat variant kimi ortaya atılıb. Nə baş verdiyi haqda hakimiyyət daxilindən məlumatınız varmı?
- Sözsüz ki, Ilham Əliyev iqtidarın yeganə namizədidir və belə də qalacaq. Onun xanımının adının namizəd kimi hallandırılması yüz faiz hökumət tərəfindən ortaya atılmış məsələdir. Xalqın diqqətini əsas məqsəddən, mübarizədən yayındırmaq üçün bu məsələ ortaya atılıb. Guya, Mehriban Əliyevanın namizəd olması xalq tərəfindən müsbət qarşılana bilər ki, rejim artıq dəyişilir və s. Bu məqsədlərlə ortaya atılmış söz-söhbətlərdir, ciddi məsələ deyil.
Hökumətin daxilində mənim əlaqələrimə gəlincə, əvvəla onu söyləmək istəyirəm ki, korrupsiya, rüşvət rejimində praktiki olaraq siz deyən regionallıq prinsipi aradan götürülür. Korrupsiya və rüşvətin vətəni olmur. Hökumətin ən yuxarısında korrupsiya içərisində olanların arasında başqa regionlardan da kifayət qədər adam var. Guya, naxçıvanlılar və ermənistanlıların başqalarını deyil, yalnız məni dəstəkləyə biləcəkləri barədə fikirlər əsassızdır.
Başqa məsələ var. Bürokratik aparatın azı 30 faizi açıq bildirməsə də, bu rejimdən narazıdır. Əldə olunan pulun təxminən 15 faizinə həmin narazı qüvvələr nəzarət edir. Amma onlar uzun müddətdir cəh-cəlal içində yaşasalar da, qorxu içindədilər. O qorxudan xilas olub bir az da normal, insan kimi həyat sürmək istəyirlər. Məsələn, Misir Mərdanovu işdən çıxarıblar. Hazırda onun bütün hüquqları məhdudlaşdırılıb, heç yerə gedə bilməz. Bir vəzifə veriblər, qalmalıdır orada. Sanki Azərbaycan böyük bir həbsxanadır, azad gəzən, amma həbsxananın içərisində olan adamdır. Bax, həmin 30 faiz narazı bürokrat bu cür yaşamaq istəmir.