Biz Belarusun qanuni hakimiyyətinə bir sıra xarici dövlətlər - hansılar ki, eyni vaxtda açıq şəkildə müxalifəti dəstəkləyir - tərəfindən təzyiq göstərmək cəhdlərini qınayırıq”. ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisinin müavini Corc Kent isə deyib ki, əgər Moskva güc yolu ilə Belarusdakı vəziyyətə müdaxilə etsə, onda Rusiya və ABŞ arasında münasibətlər daha da pisləşəcək.
Kent əlavə edib ki, Belarusdakı vəziyyət Şərq-Qərb və ya ABŞ-Rusiya arasında geosiyasi yarış deyil. Bu, ölkə rəhbərliyi və vətəndaşlarının həll etməli olduğu problemdir. Yeganə vasitəçi ATƏT ola bilər”.
Lukaşenko isə iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır. Onun sözlərinə görə, Belarus Avropa ölkələrinin xarici təcavüzünə məruz qalıb: “Rusiyanın dəstəyi olmasaydı, Minsk üçün bəlkə də çox çətin olardı”.
Üç həftədir səngiməyən etiraz aksiyalarını “Şərq”ə təhlil edən Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin katibi Asif Şəkərli deyib ki, Belarusda baş verənlər keçmiş sovet məkanı üçün yeni hadisə deyil. Partiya rəsmisinin fikrincə, bu, insanların demokratikləşmə, müasir dövlət idarəçiliyinə doğru istəyindən doğan prosesdir:
“Baş verənlərdə xarici amillər nə qədər hesablansa da, xalq faktoru əsas götürülməlidir. Avropa və ABŞ-ın mövqeyində siyasi maraqlar var, amma ümumən demokratikləşmə hərəkatına dəstək müşahidə olunur. Məsələyə bu prizmadan baxanda Rusiyanın da mövqeyinin və marağının mahiyyəti aydınlaşır. Moskva hər zamankı kimi imperialist mövqedə dayanır və despotizmin müdafiəçisi rolunda çıxış edir.
Əlbəttə, çox istərdik ki, müttəfiqimiz Belarusda son nəticədə xalq marağı və demokratik hərəkat qalib gəlsin. Amma təəssüf ki, hazırda Kremlin və Belarusdakı yerli hakimiyyətin mövqeləri məğlub görünmür.
Buna baxmayaraq, Belarusda demokratikləşmə hərəkatı start götürüb və əvvəl-axır bu proses qələbə ilə yekunlaşacaq”.