Xəbər verdiyimiz kimi artıq yeddinci ildir ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun (Dilqəm Əsgərov və Şahbaz Quliyev) oğlu Kürdoğlu Əsgərov Moderator.az-ın redaksiyası ilə əlaqə saxlayaraq anası Füruzə Əsgərovanın pensiyasının dayandırıldığını bildirmişdi.
K.Əgərov bizim vasitəmizlə problemin həlliylə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edərək ondan kömək istəmişdi. Bu gün redaksiyamızla əlaqə saxlayan K.Əsgərov artıq problemin cənab nazir tərəfindən dərhal həll edildiyini bildirib:
“Bu gün səhər nazirlikdən mənimlə əlaqə saxladılar və bildirdilər ki, məsələ birbaşa cənab nazirin diqqət mərkəzindədir və bunun həll edilməsi üçün dərhal göstəriş verib. Mən də ailəmiz və öz adımdan hörmətli nazirimiz Sahil Babayevə öz təşəkkürümü bildirirəm ki, bizə köməklik etdi”.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin mətbuat katibi Fazil Talıbov isə F.Əsgərovanın pensiyasının dayandırılmadığını, sadəcə əlillik sənədlərində elektron sistemdə müəyyən uyğunsuzluqlar aşkar edildiyini bildirib. O, bu uyğunsuzluqların dərhal aradan qaldırıldığını deyib.