Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin karantin müddətində təşkil olunan toyunda iştirak edən vəzifəli şəxslər, deputatlar və digər tanınmış simalar ictimai qınaqla üzləşdi. Bundan əlavə, onların bir çoxu barəsində hüquqi tədbir görüldü və hər biri 400 manat cərimələndi.
Cəmiyyətin qınağından sonra toyda iştirak etmiş deputat Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini vəzifəsindən istefa verdi. Onun ardınca, bir sıra depuatlar və tanınmış şəxslər Ramiz Mehdiyev barəsində sərt fikirlər bildirdilər. Ən maraqlısı isə odur ki, bir zamanlar Ramiz Mehdiyevə tərif yağdıranlar, bu dəfə onun ünvanına kəskin fikir söyləmək “yarışına” durdular. Hətta onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edənlər də oldu.
Odur ki, Ramiz Mehdiyev haqqında vaxtilə tərif yağdıran, bu gün isə onu tənqid edən şəxslərin müqayisəli fikirlərini oxucularımıza təqdim etməyi lazım bildik. Əlbəttə, məqsədimiz R.Mehdiyevi müdafiə etmək deyil, sadəcə, illərdir bu hakimiyyətdə özlərini cəmiyyət üçün “örnək” göstərən insanların iç üzünü ortaya çıxarmağa çalışdıq.
Deputat Siyavuş Novruzov (əvvəl): “Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub. Hər bir masanın arasında 3-4 metr məsafə var idi. Toyda iştirak eləmişəm, düz eləmişəm. Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər”.
Siyavuş Novruzov (sonra): “Ramiz Mehdiyevin uzun illər ərzində fəaliyyəti zamanı onunla münasibətlərimiz kifayət qədər soyuq olmuşdur. Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir”.
***
Deputat Elşən Musayev (əvvəl): “Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə, o zaman biz kimik? Nə deyib ortada gəzirik? Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə öhtəsində durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır”.
Deputat Elşən Musayev (indi): “Ramiz Mehdiyevin yanında olanlar bizdən deyillər!”.
***
BDU-nun sabiq rektoru Abel Məhərrəmov (əvvəl): “Ramiz müəllim, sizin xidmətlərinizi biz çox böyük qiymətləndiririk. Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız böyük qiymətləndirib”.
Abel Məhərrəmov (sonra): “Ramiz Mehdiyev məni də aldadıb”.
***
Aydın Mirzəzadə (əvvəl): “Ramiz Mehdiyev Azərbaycan tarixində özünün fəaliyyəti ilə mühüm yer tutmuş şəxslərdən biridir. Ulu öndər Heydər Əliyev hələ ikinci dəfə siyasi hakimiyyətə gəlməmişdən onu müdafiə edən, onun Azərbaycan üçün böyük işlər görəcəyi təbliğatını ziyalılar arasında aparan şəxslərdən biri olub. Ramiz Mehdiyev Azərbaycanda dövlətçiliyin möhkəmlənməsində, hüquqi demokratik dövlətin formalaşmasında, insan hüquq və azadlıqlarlının qorunmasında, bir sistemdən digərinə ağrısız və şok terapiyası olmadan keçilməsində böyük rol oynadı”.
Aydın Mirzəzadə (sonra): “Siyavuş Novruzovun YAP-ın İcra katibinin müavini vəzifəsindən istefa verməsi partiyamızın mövqeyini ortaya qoydu”.
***
Vahid Əhmədov (əvvəl): “Ramiz Mehdiyevi Azərbaycan dövlətinin onurğa sütunu hesab edirəm. Bunu hər yerdə deyirəm. Çünki idarəetmə mexanizmini, dövlət strukturlarını, siyasəti mükəmməl bilən yeganə şəxslərdən biridir. Düzdür, indi gəncləri də vəzifələrə gətiririk, amma idarəçiliyi dərindən bilən köhnə kişilərin təcrübəsi dövlət idarə edilməsində önəmli məsələdir. Ramiz Mehdiyev kimi təcrübəli, dünya görmüş adamlara həmişə Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanması üçün ehtiyac var”.
Vahid Əhmədov (sonra): “Əlbəttə ki, hazırda toyların keçirilməsi müəyyən problemlər yarada, xəstəliyin artmasına səbəb ola bilər. Ancaq hazırda Operativ Qərargah tərəfindən toyların keçirilməsi qadağan edilib. Belə bir şəraitdə toyları keçirmək lazım deyil. Hər bir şəxs müəyyən olunan qaydalara əməl etməlidir”.
***
Deputat Fazil Mustafa 4 dekabr 1998-ci ildə “Azadlıq” qəzetində çıxan “Məhkəmədən qorxmayan cəsurlar” yazısında Ramiz Mehdiyevin Allahdan qorxmadığını bildirmişdi: “Ramiz Mehdiyev həm təcrübəli dövlət xadimi, həm də akademik elmi çalışmaları ilə tanınan, müəyyən dərəcədə dövlətin ideoloji kursunu müəyyənləşdirən konseptual əsərlərin müəllifi olan ictimai-siyasi xadimdir”.
Fazil Mustafa (indi): “İstər Ramiz Mehdiyevin, istər deputat həmkarım Siyavuş Novruzovun, istərsə də o toyda iştirak edən vəzifəli şəxslərin bu kimi davranışları hüquqi məsuliyyət yaratmaqla yanaşı, vətəndaşlarımız tərəfindən haqlı olaraq ictimai qınaqla qarşılaşacaqdır”.
***
Deputat Sahib Alıyev (əvvəl): “Cənab Ramiz Mehdiyev, zəngin dövlətçilik təcrübəsi olan, Ulu Öndər Heydər Əliyevin idarəçilik fəlsəfəsini dərindən bilən böyük dövlət adamıdır, belə demək mümkündürsə, siyasət generalıdır. Fikrimcə, özünün dövlətə bağlılığı, zəhmətkeşliyi, sədaqətliliyi, elmi, peşəkarlığı və təvazökarlığıyla əsl örnəkdir. Mən ona can sağlığı, çətin, son dərəcə məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıram”.
Deputat Sahib Alıyev (sonra): “Açığı, mən Ramiz Mehdiyev kimi təcrübəli bir adamın karantin rejiminin tələblərini kobudcasına pozaraq nəvəsinə toy edilməsinə razılıq verib, özünün də onlarla adamın qatıldığı o məclisin başında oturmasının nədən irəli gəldiyini anlamağa çətinlik çəkirəm, heç anlamaq da istəmirəm. Ümid edirəm ki, o toyu keçirənlər də, oradakı digər vəzifəli şəxslər də qanun qarşısında cavab verəcəklər. Digərlərindən də, özünü qanundan üstün tutmasıyla deyil, əksinə ona dəqiq əməl etməsi, sadə və təvazökar davranışlarlyla fərqlənir”.
***
Deputat Məlahət İbrahimqızı (əvvəl): “Ramiz müəllim Azərbaycanın müstəqilliyinin ilk illərindən yüksək dövlət vəzifəsində çalışır və Prezident Administrasiyasına rəhbərlik edir. Azərbaycanın çağdaş dövlətçiliyinin inkişafında və möhkməndiriliməsində onun yüksək xidmətləri var. Bu xidmətləri, Ulu Öndərimiz Heydər Əliyev və prezident İlham Əliyev də çox yüksək qiymətləndirib”.
Deputat Məlahət İbrahimqızı (sonra): “Bu toyda iştirak edən dövlət məmurları və deputatlar da qanun qarşısında cavab verməli və cəzalandırılmalıdır. Bu toyda iştirak edən dövlət məmurları və deputatlar cəzalandırılmaqla bərabər, ictimaiyyətdən üzr də istəməlidirlər. Biz ağsaqqal deyəndə ağarmış saqqal nəzərdə tutmuruq, ağsaqqal müdriklik rəmzidir. Hər alimə və ya hər universitet bitirənə ziyalı deyilmir. Ziyalının həm də əxlaqı olmalıdır. Və ya siyasətçinin mənəviyyatı olmasa, seçicinin bütün arzuları puç olar. Bu mənada hər kəs qanun qarşısında cavab verməli və öz günahlarını yumaq üçün müvafiq adekvat addımlar atmalıdır”.
***
Bir zamanlar Ramiz Mehdiyevə tərif yağdıran Hacıbala Abutalıbov da bu dəfə onu “Əfi ilan dərisində sürünən riyakar” adlandırıb: “Ramiz Mehdiyevin bu yaxın günlərdə karantin qaydalarına zidd olaraq dəbdəbəli və təmtəraqlı şəraitdə bir çox vəzifəli, eləcə də vəzifədən uzaqlaşdırılmış keçmiş məmurların iştirakı ilə nəvəsinə toy etməsi hadisəsinə münasibət bildirməyimizi bir vətəndaş olaraq özümüzə borc bilirik. Açığı, kütləvi informasiya vasitələrində bu xoşagəlməz hadisənin işıqlandırılması Azərbaycan vətəndaşlarının əksər təbəqələrində Ramiz Mehdiyevə qarşı dərin nifrət və ikrah hissini oyadaraq, xalqın böyük əksəriyyətinin qəzəbinə səbəb oldu”.
***
Deputat Elman Nəsirov da digərləri kimi vəziyyətə uyğun davranaraq, Mehdiyevi tənqid etməkdən belə çəkinməyib. Bir zamanlar Mehdiyevə tərif yağdıran Elman Nəsirov, bu dəfə onu arxayınçılıqda ittiham edib: “Mən belə qənaətə gəlirəm ki, Ramiz Mehdiyevin uzun müddət yüksək vəzifələr tutması və geniş səlahiyyətlərə malik olması onda arxayınçılıq yaratmışdı. Ramiz Mehdiyevdə qanunun fövqündə dayana biləcəyinə inam yaranmışdı. Həmin inamın təsiri altında da belə qanunazidd addım atıb. Hesab edirəm ki, kifayət qədər yüksək vəzifələrdə olduğuna görə, onda bu arxayınlıq olub”.
P.S. Əlbəttə, Ramiz Mehdiyev haqqında vaxtilə tərif yağdırıb, indi onu tənqid, hətta təhqir edən şəxslər yuxarıdakılarla yekunlaşmır. Sadəcə, internetdə kiçik araşdırma aparmaqla, bu şəxslərin fikirlərini sizlərə təqdim etdik.
Hurriyyet.org