“Lotu Quli”nin qatili Xaqan Zeynalov (“Xan Bakinski”) ona indiyədək KİV-lərin yazdığı kimi 4 yox, 2 güllə vurub.
Bu barədə Türkiyənin məhkəmə-tibb ekspertizasının rəyində göstərilib. Sənədə əsasən güllələrdən biri “Lotu Quli”nin başından, digəri boynunun arxasından dəyib.
Bundan əvvəl Rusiya KİV-lərində qatilin “Lotu Quli”yə 4 dəfə atəş açmasının “Rövşən Lənkəranski”nin ölümünün 4 ilini simvolizə etdiyi barədə təxminlər yürüdülmüşdü. Başqa sözlə, sifarişçinin “Rövşən Lənkəranski”in klanı olduğuna eyham edilirdi, hansı ki, bu indiyədək mətbuatda dövr edən əsas versiyadır.
Əslində “Lotu Quli”nin düşmənləri çox idi, lakin “Rövşən Lənkəranski”nin klanı onun ölümünü istəyən yeganə qüvvə olmayıb. “Azadlıq” radiosunun özbək xidmətinin də yazdığı kimi, hazırda Rusiyada həbsdə olan və bir vaxtlar “1 nömrəli vor”, yaxud kriminal aləmin kralı statusunu daşıyan Zaxari Kalaşov (“Şakro Molodoy”) da öz həbsxana kamerasında “Lotu Quli”yə ölüm hökmü çıxarmışdı.
“Şakro Molodoy”un “Lotu Quli” yə ölüm hökmü çıxarmasının səbəbi
Zaxari Kalaşovun Nadir Səlifovun öldürülməsi barədə hökm verməsinin səbəbi isə ötən ilin avqustunda Türkiyədə baş vermiş hadisədir. Belə ki, ötən ilin avqustunda “Lotu Quli”nin Antalyada qərargah kimi istifadə etdiyi oteldə baş vermiş hadisə “Şakro Molodoy” tərəfindən kriminal aləmin qanunlarının kobud pozulması kimi qiymətləndirilmişdi. Çünki “vor zakon” statusu daşımayan, amma bu adı almağa can atan şəxs (kriminal jarqonda “fraer” ) “vor” statusu daşıyan, özü də “Şakro” tərəfindən həmin titula layiq görülən Quram Çxledzeni (“Kvejoviç”) “Lotu Quli”nin hüzurunda vurmuşdu.
Belə ki, ötən ilin yayında N.Səlifov sosial şəbəkələrdə Quramın “Rövşən Lənkəranski”nin ailə üzvləri ilə birlikdə çəkilmiş fotolarını görəndə ona xəbərdarlıq göndərib, salamat qalmaq istəyirsə həmin adamlardan “uzaq durmağı” tövsiyə edib. Buna cavab olaraq Quram sosial şəbəkələrdə “Rövşən Lənkəranski”nin qohumlarından biri ilə yeni fotolar paylaşıb. Quli isə bu dəfə xəbər göndərib ki, “vor”un zərər çəkməsini istəmir, ancaq “oğlan nəyisə düz anlamadısa qoy özünü təpikləsin”.
“Şakro Molodoy” bu barədə eşidəndə məsələni yoluna qoymaq istəyir və Quramla Qulinin görüşünü təşkil edir. Görüşdən əvvəl Quliyə zəng vurub deyir ki, onun “vor zakon” tituluna layiq gördüyü Quramla bir az yumşaq davransın.
Quram Çxladze-"Kvejoviç"
Görüş baş tutur, həmin vaxt N.Səlifovun yanında onun adamı, milliyətcə qazax olan və “vor” titulu almağa can atan “Arman Dikiy” (Arman Cumqaldiyev) də olub. Görüş başlayan kimi Quram özünü dikbaş aparır, bildirir ki, “Rövşən Lənkəranski”nin qohumları onun dostudur və əgər Quli həmin adamları “ünsiyyətə layiq olmayan adamlar” hesab edirsə qoy bunu əsaslandırsın. Bu vaxt “Arman Dikiy” Quramın dikbaşlığına və Qulinin yanında özüne yekəxana aparmasına dözmür, yerindən qalxıb ona sillə vurur. Quram isə ona cavab vermək əvəzinə görüşü tələsik tərk edir.
Kutaisili əfsanəvi “vor zakon” Kvejonun oğlu olan 35 yaşlı Quramın Qulinin hüzurunda “fraer” tərəfindən döyülməsi “Şakro Molodoy”un qruplaşması tərəfindən çox mənfi qarşılanır. Bu hadisə ilə bağlı “sxodka” çağırılır. Qulidən tələb olunur ki, “vor”a əl qaldıran “Arman Dikiy” kriminal aləmin qanunları ilə cəzalandırılsın. Lakin Quli öz adamını müdafiə edir və onun cəzalandırılmasına imkan verməyəcəyini bildirir. Və bundan sonra “Şakro Molodoy” Quliyə ölüm hökmü çıxarır.
"lotu Quli" və "Arman Dikiy"
Maraqlıdır ki, Qulini qətlə yetirən Xaqan Zeynalov da məhz həmin hadisədən az sonra onun qruplaşmasına daxil olur, sürətlə kriminal avtoritetin etibarını qazanıb Səlifovun yaxın çevrəsinə qədər gedib çıxa bilir.
Qətl günü iki zəng: “Qara Qafur” “Lotu Quli” dən nə xahiş etmişdi...
Xəbər verdiyimiz kimi, Xaqan Zeynalov N.Səlifovu öldürməzdən təxminən 30 dəqiqə əvvəl otelin dəhlizində arxadan onun videosunu çəkib. “Azadlıq” radiosunun özbək xidməti bildirir ki, X.Zeynalov həmin videonu azı 4 nəfərə göndərib, bunlardan biri də “Qara Qafur” ləqəbli nüfuzlu özbək mafioz, Beynəlxalq Boks Federasiyasının (AIBA) keçmiş prezidenti, ABŞ tərəfindən beynəlxalq axtarışa verilmiş Qafur Rəhimovun qohumu, “Zolotoy” ləqəbli kriminal avtoritet Ravşan Muhiddinov da var.
Ravşan Muhiddinov və "Lotu Quli"
Türkiyə polisi avqustun 20-də gecə saat 3 radələrində onu İstanbuldakı evində saxlayıb və 7 saat dindirmədən sonra heç bir ittiham irəli sürmədən buraxıb. Digər üç nəfərin də saxlanılıb dindirildiyi bildirilir.
Bəs X.Zeynalov Qulinin ölümqabağı videosunu niyə R.Muhiddinova ata bilərdi?
Bunun səbəbi aydın deyil, amma mənbələrimiz maraqlı detalı çatdırır. Bildirlir ki, R.Muhiddinov “Qara Qafur”a 6 milyon dollar pul “atıb”. Qafur isə onu cəzalandırmağı Qulidən xahiş edib. Və Quli qətlə yetirilən gün Qafur onunla 2 dəfə telefonla danışıb.
Belə ehtimal yarana bilər ki, ya Muhiddinov da Qulinin qətlinin təşkilində hansısa rola malik olub, ya da sifarişçilər izi azdırmaq üçün məlum videonun ona göndərilməsini təşkil ediblər. Hər halda bütün bu sualları Türkiyə hüquq-mühafizə orqanları araşdıracaq.(Virtualaz.org)