“Orta məktəblərdə distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”.
Bu barədə Media.Az-a açıqlamasında təhsil sahəsində ekspert, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirib.
O qeyd edib ki, sinif otaqlarından uzun müddət uzaq düşmək şagirdlərin məktəb mühitindəki vərdişlərinin itirilməsinə səbəb ola bilər ki, bu da ənənəvi metoda uyğun olaraq, dərslər davam etdiriləndə uyğunlaşma ilə bağlı problemlər yaradacaq: “Buna görə vəziyyətdən asılı olaraq, ən pis halda onlayn və ənənəvi dərslərin birlikdə olduğu, qarışıq bir təhsil formatının uyğun olacağını düşünürəm. Bu günə qədər bu, ən real proqnozdur. Bu, təkcə mənim subyektiv fikrim deyil, çoxluğun arzusudur. Ancaq son nəticə ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq. Unutmamalıyıq ki, yalnız forma deyil, həmçinin məzmun da vacibdir”.
Ekspert hesab edir ki, epidemioloji vəziyyət məktəblərdə ənənəvi tədrisin bərpa olunmasına imkan versə belə “Virtual məktəb” layihəsi və televiziyada yayımlanan teledərslər də davam etdirilməlidir: “Bütün bu məsafəli modellər təhsilimizi müasirləşdirmək, interaktivlik və gələcəkdə yeni çağırışlara hazır olmağımızı təmin etmək üçün lazımdır. Rəqəmsal texnologiyalar və virtuallıq zamanın tələbidir. Sovet dövründən bəri TV dərslərində geniş təcrübəmiz var və distant təhsil təhsil qanunvericiliyimizdə öz əksini tapıb”.