ATƏT Azərbaycanla da əlaqələri olan beynəlxalq orqan mafiyasının əməllərinə dair xüsusi hesabat yayıb.
Virtualaz.org təşkilatın saytında açıqlanan hesabata istinadən bildirir ki, Rusiyanın bir neçə vətəndaşı insan orqanlarının qanunsuz transplantasiyasının qurbanı olub.
Hesabatda yazılanlara əsasən qanunsuz transplantasiya hallarının 11-də ruslar donor kimi çıxış ediblər. Bu əməliyyat barədə üç ayrı cinayət işi var.
Söhbət Kosovonun paytaxtı Priştinanın “Medikus” klinikasının 2008-ci ildə həyata keçirdiyi orqan transplantasiyası əməliyyatından gedir. Həmin klinikada ruslardan alınan böyrəklər ABŞ, İsrail, Almaniya, Kanada və Polşa vətəndaşlarına köçürülüb. Klinika ümumlikdə 24 donorun böyrəyini alıb, onlar 8 ölkənin, o cümlədən Rusiya, Ukrayna və Belarusun vətəndaşlarıdır.
Bu ilin aprelində “Medikus” klinikasının işinə görə Priştinada 5 nəfərə hökm oxunub. Həmin ayAvropa İttifaqının qanunun aliliyi və hüquq missiyası EULUX işi ilə bağlı yeni araşdırma başladıb. Çox keçmədən daha 8 şübhəli şəxsə ittiham elan edilib.
Hesabatda deyildiyinə görə, Rusiya vətəndaşlarını donor qismində Bolqarıstanın “Müqəddəs Yekaterina” hospitalında istifadə ediblər. Lakin istintaq bu barədə sübut əldə edə bilməyib. Sənəddə o da qeyd olunur ki, Rusiya vətəndaşları Kiyevin Şalimov adına Transplantalogiya və Cərrahiyyə İnstitunda donor kimi istifadə ediliblər. Həmin əməliyyatlar 2009-2010-cu illərdə həmçinin Azərbaycanda, Ekvadorda və Kosovoda keçirilib. İşlə bağlı bir neçə nəfər həbs edilib, məhkəmə prosesi davam edir.
Xatırladaq ki, orqan mafiyası Azərbaycanda bir neçə özəl klinikadan, o cümlədən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin sahibi olduğu “ABU Klinika”da aparılmışdı. Sonradan E.Abdullayev Fransadan Azərbaycan hakimiyyətinə qarşı videokompromat hücumu başladanda “ABU Klinika”da aparılan böyrək köçürmə əməliyyatlarından ona qarşı istifadə olundu. Baş prokuror Zakir Qaralov bildirdi ki, 2010-cu ildə insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı Ukrayna hüquq-mühafizə orqanları tərəfindən qaldırılmış cinayət işinin istintaqı zamanı ABU-nun tabeçiliyində olan klinikada belə faktlar müəyyən edilib.
2009-cu ildə həmin klinikada 10-a yaxın xarici vətəndaşın üzərində böyrək köçürmə əməliyyatı aparılıb. Bu əməliyyatları ukraynalı həkimlər həyata keçiriblər: “Biz o zaman Ukrayna tərəfinə lazımı köməklik göstərmişik. Həmin fakt üzrə Baş Prokurorluqda cinayət işi başlanıb. Ukrayna tərəfinin başladığı cinayət işi ilə bağlı artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Orada adı keçən azərbaycanlı vəzifəli şəxslərlə bağlı cinayət işinin materialları ayrılaraq Azərbaycan Baş Prokurorluğuna göndərilib”.
Z.Qaralov deyib ki, adıçəkilən klinikanın rəhbəri Dilarə İsmayılova istintaqa ifadəsində bütün bu qanunsuz əməlləri məhz Elşad Abdullayevin tapşırığı ilə həyata keçirdiyini deyib: “O, həmçinin qeyd edib ki, qanunsuz orqan transplantasiyalarından əldə etdikləri 100 min ABŞ dollarını Elşad Abdullayevin özünə çatdırıb. Bir daha qeyd edirəm ki, Elşad Abdullayev korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, gəlib bu suallara cavab verməlidir”. E.Abdullayev isə klinikanı icarə verdiyini və orada aparılan əməliyyatlara görə heç bir məsuliyyət daşımadığını bildirmişdi.
Qeyd edək ki, qanunsuz orqan transplantasiyası Bakıdakı daha iki özəl klinikada həyata keçirilib. Azərbaycanla bağları olan beynəlxalq orqan mafiyasının başında duranlardan biri də İsrail ordusunun istefada olan generalı olmuşdu.