Məlumata görə, aşkarlanan yeyinti faktı Şəmkirlə də birbaşa əlaqədardı. İddia olunurdu ki, araşdırmalar nəticəsində Şəmkirdə 10 min hektar ərazinin gübrələnməsi adı altında 16 milyon manat silinib. Guya, rayonun bir sıra bələdiyyələrinə külli miqdarda 46% azot elementi ehtiva edən karbamid gübrəsi verilib və bu gübrə torpağa səpilib. Korrupsiya faktının sənədləşdirilməsində bir sıra bələdiyyələrlə yanaşı Şəmkir İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak ediblər. Külli miqdarda dövlət əmlakının mənimsənilməsinə KTN-nin məsul şəxslərinin də Şəmkir icra başçısı Alimpaşa Məmmədovla birlikdə xeyir-dua verdiyi bildirilirdi.
İddialara görə, KTN karbamid gübrəsini 70%-i dövlət hesabına ödənilməklə fermerlərə satılır. Bu gübrənin idxalı isə ölkədəki bir neçə özəl şirkətə həvalə edilib. Şəmkir icra başçısı Alimpaşa Məmmədovla KTN rəhbərliyinin dövlətin bu xeyirxahlığından yararlanaraq özəl şirkətlər qurduğu və İqtisadiyyat Nazirliyindən fermer təsərrüfatı üçün ayırdığı güzəştləri mənimsədikləri iddia olunurdu. Qeyd edilirdi ki, əslində 10 min hektar üçün nəzərdə tutulan gübrə ümumiyyətlə ixrac olunmayıb. Sadəcə bəzi özəl şirkətlər vasitəsilə sənəd üzərində ixrac-satış əməliyyatları yerinə yetirilib. Yalançı alış-veriş nəticəsində əldə olunan subsidiya pulu isə korrupsiya iştirakçıları arasında ata malı kimi bölüşdürülüb.
Məlumatı alarkən KTN-dən faktı dəqiqləşdirmək cəhdimiz baş tutmamışdı. Nazirliyin heç bir telefonu zəngimizə cavab verməmiş, biz də məcbur qalın onun “Qaynar xətt”inə müraciət etmişdik. “Qaynar xətt”dən bizə bildirmişdilər ki, faktı dəqiqləşdirib sorğumuza cavab verəcəklər. Halbuki bizi birbaşa əlaqədar şəxslərə bağlaya bilərdilər. Aldığımız bu cavabın əslində başdan etməyə daha çox bənzədiyini anladığımızdan “torbada həqiqətən pişik” olduğu qənaətinə gəlmişdik.
Daha sonra Nazirliyin yetkili şəxslərindən birinin cib telefonu nömrəsini tapıb faktı ondan dəqiqləşdirməyə qərar vermişdik. Zəng etdiyimiz şəxs bizim “qədim dostlarımızdan” olduğundan zəngimizə cavab verilməyəcəyini bildiyimiz halda bu zəhmətə qatlanmışdıq. Sonra “bizdən niyə soruşmadınız”, deməsinlər deyə.
Dünən yayılan bir məlumat “torbada pişik olduğunu” bir daha təsdiqlədi. Qafqazinfo-nun yaydığı məlumatda iddia olunurdu ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Kənd Təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edib.
"İnnovativ peyğəmbərlik" hara, mətbuatdan qaçmaq hara?
Məlumatdakı son cümlənin KTN-ni həmin mənimsəmə faktından kənarda tutmağa çalışmaq niyyətindən xəbər verdiyi açıqdır. Ovqat.com-un əldə etdiyi məlumata görə isə KTN-dən də yüksək səviyyəli məmurlar göz altına alınıb. Hətta Kənd Təsərrüfatı naziri İnam Kərimovun “sağ əli” kimi tanınan müavini İlham Quliyevin də göz altına alınanlar arasında olduğu bildirilir.
KTN-nin aldığımız məlumata reaksiyasını gözləyirik. Mətbuata qapalı olmaq İnam Kərimovun “innovativ peyğəmbər” imiciylə bir araya sığmır.