Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanacaq.
Birdəfəlik ödəmə sərt karantin rejiminin tətbiq olunduğu 16 şəhər və rayon üzrə bank kartları vasitəsilə həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə açıqlamasında bu dəfə 190 manatlıq müavinətin 287 min nəfərə veriləcəyini bildirib:
“Ümumilikdə 16 şəhər və rayonlarımızda işsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal məşğul şəxslərə 190 manat təmin ediləcək. Bu 16 rayon üzrə 287 min nəfərə ödəniş həyata keçiriləcək və bu məqsəd üçün 55 milyon manat vəsait ayrılıb”.
Qeyd edək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.