Xatırladaq ki, Milli Məclis üzvü Çingiz Qənizadə Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin koordinatoru seçilib. 10 nəfərdən ibarət Komitə həbs müəssisələrinə qabaqcadan xəbərdar etmə olmadan baxış keçirmək hüququna malikdir.Ç. Qənizadənin sözlərinə görə, cəzaçəkmə müəssisəsinə gəlişimizlə bağlı müəssisə rəhbərliyi məlumat əldə edirsə, hansısa qanun pozuntusu varsa, onu tənzimləyə bilər.
"Ona görə Komitə üzvləri xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrində ictimai nəzarəti həyata keçirəcək. Təkcə məxfi saxlanma şəraiti, qidalanma, görüş yeri deyil, eyni zamanda, cəzaçəkmə müəssisəsinin əməkdaşlarının da sosial və digər problemlərini də araşdırırıq və müşahidələrimizin nəticələrini ədliyyə nazirinə çatdırırıq”.
Cəzaçəkmə müəssisələrində psixoloqların olmamasına diqqət çəkən Çingiz Qənizadə bu problemin də həll olunacağını vurğulayıb.
“Bu müəssisələrdə psixoloqlar yox həddindədir. Bu da ümumi işimizə mənfi təsir göstərir. Bununla bağlı təkliflər hazırlanır. Universitetlərin psixologiya fakültələrini bitirən məzunlar heç olmasa bir müddət orda psixoloq fəaliyyəti ilə məşğul olsunlar”.
Ç. Qənizadə qeyd edib ki, əməkhaqqı az olduğu üçün psixoloqların əksəriyyəti cəzaçəkmə müəssisəsinə getmək istəmir.
“İctimai Komitənin fəaliyyəti dövründə cəzaçəkmə otağında görüş otağı səliqəyə salınıb, standartlara uyğun təmir olunub. Onların təcridxanaları standartlara uyğunlaşdırılıb. Eyni zamanda qida məsələsində ciddi nəzarətimiz var. Onların istirahətləri ilə, idmanla məşğul olmaları ilə bağlı müəyyən təkliflərimiz olub. İndi harda boşluqlar, qane etməyən məqamlar varsa, onlar nazirə çatdırılacaq”.
İctimai Komitənin koordinatoru mətbuat nümayəndələrinin Komitədə təmsil olunması təklifinə də aydınlıq gətirib. “Medianın iştirakı gələcəkdə monitorinqlərin keçirilməsi zamanı mümkün ola bilər”.