Pandemiya dövründə, onsuz da əhalinin kifayət qədər sosial şəraitdən narazılığının pik vaxtında Q.Hüseynov üç gün şəhəri Kərbəla çölünə döndərdi.
Paytaxtın Sabunçu, Binəqədi, Xətai rayonlarında, Xırdalanda və s. ərazilərdə xalq susuz qaldı. “Azərsu” ASC bunu içməli suya olan tələbatın 40 faiz artması ilə izah edir. Amma absurd izahatdır.
Ölkədə içməli su ehtiyatları azalıbımı? Həftəsonu karantinini gözləyirdinizmi?
İnsanlar ən çox yay fəslində su istifadə edir və xüsusən sərt karantində hamı evdə olur, suya ehtiyac artır. “Azərsu” ASC niyə buna hazırlıq görməyib?
Ümumiyyətlə, məmurların yarıtmaz fəaliyyəti xalqla hakimiyyət arasındakı körpüləri bu şəkildə uçurmaqla məşğuldur.
Karantinə görə insanlar aqressiv, gərgindirlər, iş və maddi sıxıntılar xirtdəyə çatıb, üstəlik, belə şəraitdə milləti susuz qoyurlar.
Q.Hüseynovun həftəsonu küçəyə çıxmaq qadağası tətbiq edilərkən milləti susuzluqla imtahana çəkməsi, incitməsi prezidentə təxribatın bir növüdür.
Sosial mediaya diqqət edin: insanlar su probleminə görə təkcə “Azərsu” ASC-də yox, həm də hökumətin idarəçiliyində günah axtarırlar.
Qorxmaz Hüseynovun ucbatından dövlətin idarəetmə sistemi hədəfə çıxarılır və “Azərsu” ASC karantin günlərində su məşəqqətinə görə üzrxahlıq belə etmir.
Hələ bizə içirilən suyun keyfiyyətindən danışmağa dəyməz. İstər Yasamal, istər Sabunçu ərazilərində olsun, “Azərsu” ASC əhalini ideal olmayan, xəstəlikləri qüvvətləndirən su ilə təmin etməkdədir.
Reportyor.info xəbər verir ki, 2004-cü ildə yaradılan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
Lakin bu illər ərzində Qorxmaz Hüseynovun fəaliyyəti kadr təyinatında qohumbazlıqdan, yerlibazlıqdan, dostbazlıqdan və müxtəlif tenderlər adı ilə dövlətin pulunu mənimsəməkdən ibarət olub.
Bakıda kommunal problemlərin baş alıb getməsi ilə paralel olaraq bu qurum zərərlə işləyir. 2016-cı ildə “Azərsu” ASC-nin beynəlxalq maliyyə institutlarına borcu 167, 434 mln. manat olub.
Bu qurumun Maliyyə Nazirliyindən aldığı kreditlərin həcmi 38,939 mln. manat, yerli banklara borcu 215,555 mln. manat (2015-ci ildə 193,116 manat) olub.
Qurumun cəmi faiz kreditləri və borc öhdəlikləri 2016-cı ildə 421,929 mln. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 66,724 mln. manat artım deməkdir. Yəni, ASC dövlətə ziyan vurmaq və onu borc qarşısında qoymaqla məşğuldur.
Hələ 2017-ci ildə prezident İlham Əliyevin Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon 780 min manat ayrılıb.
Eləcə də ölkə başçısının Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı çərçivəsində “Azərsu”ya 4 milyon manat vəsait ayrılıb. Amma göründüyü kimi, karantində böyük korrupsiya üzə çıxdı və Bakı susuz qaldı.
Ümumilikdə, son illərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı “Azərsu” ASC-yə ayrılan pulların məbləğinə və coğrafiyasına baxsaq, hazırda Bakıda və Abşeronda su və kanalizasiya sistemi qalmamalı idi. Bəs bu pullar haraya sovrulub?
Dövlət büdcəsindən birbaşa ayırmalardan əlavə ”Azərsu” ASC-yə dolayı ayırmalar da olub. Yol tikintisi ilə bağlı və ya kanalizasiya xətlərinin təmiri ilə bağlı birbaşa büdcədən əlavə, xarici kreditlər şəklində də “Azərsu”ya yüz milyonlarla dollar müxtəlif beynəlxalq maliyyə qurumlarından yardımlar ayrılıb.
Həmin layihələrin həyata keçirilməsində də çox böyük problemlər yaşanıb. Söhbət təxminən milyardlarla dollar vəsaitdən gedir. Son 10 ili götürsək, bəlkə də bu vəsaitlərin həcmi 5 milyarddan yuxarıdır.
Söhbət vəsaitlərin böyük həcmindən əlavə, işin keyfiyyətindən gedir. Azərbaycanda artıq büdcə xərcləmələrində korrupsiyanın olması heç kimi təəccübləndirmir.
Xatırladaq ki, “Azərsu”nun rəhbəri Qorxmaz Hüseynovdur. O, bu quruma 2011-ci ilin 16 fevral tarixindən rəhbərlik edir. Q.Hüseynov bu müddət ərzində su təsərrüfatında ciddi dönüş edə bilməməkdə ittiham olunur.
O, adı mətbuatda ən çox korrupsiyada hallanan məmurlardandır. Lakin indiyədək deyilənlər, yazılanlar barədə jurnalistlərə heç bir açıqlama verməyib.
Dövlətin milyardlarla manat vəsaitinin talanmasında ittiham olunan Qorxmaz Hüseynov nə vaxtsa qanun qarşısında cavab verəcəkmi? Görünən budur ki, o, nə qanunları vecinə alır, nə ictimai qınağı…